"Bizim xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir. Elə dünən axşam Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə biz münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur”.

"Qanarinfo" AzərTAc-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Şurası sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanov və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovla görüşündə deyib.

"Biz, sadəcə, əldə olunan nailiyyətləri - həm iqtisadi, həm nəqliyyat, həm enerji, həm də siyasi sahələrdə əməkdaşlığımızın nəticələrini yada saldıq və müvafiq qurumlara münasibətlərin gələcək inkişaf yollarını müəyyənləşdirmək üçün göstərişlər verdik. Yəni, bu, artıq elə bir münasibətlər səviyyəsinin göstəricisidir ki, hətta prezidentlər səviyyəsində həllini tələb edən hansısa xüsusi məsələ yoxdur”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl Tehranda Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub.

Qaynarinfo.Az