Siyasət 14:12 21.06.2013

İlham Əliyev: “Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər”

“Biz ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə rəhbərlərinin G8 sammitində verdikləri bəyanatı yüksək qiymətləndiririk və Dağlıq Qarabağ münaqişəsinin həllini diqqət mərkəzində saxladıqları üçün onlara təşəkkür edirik”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompeylə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan tərəfi münaqişənin həll yolunu tapmaq üçün lazımi addımların atılmasının zəruriliyi ilə bağlı fikirləri tam dəstəkləyir.

Dövlət başçısı bəyanatda münaqişənin həllində əsas götürülmək üçün Helsinki Yekun Aktının prinsiplərinə istinad edilməsini çox vacib sayıb: “Öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyü prinsipinə zidd olmamalıdır. Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər, onların Ermənistan dövləti var”.

İlham Əliyev bəyan edib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq və prinsiplər, eləcə də BMT-nin bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələr əsasında tezliklə həllində maraqlıdır.

Qaynar.info