Ekonomiks 13:11 04.08.2017

İlham Əliyev: “Azərbaycan indi dünya üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilib”

"2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib və bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi".

“Qaynarinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Dövlət başçısı qeyd edib ki, məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi: "2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq.

O vaxt qarşımızda duran əsas vəzifələr infrastruktur məsələlərini həll etmək idi. Yollarımız bərbad idi, elektrik enerjisi ilə özümüzü təmin edə bilmirdik, qaz təchizatı demək olar ki, bölgələrdə ümumiyyətlə yox idi, Bakının yarısı qazsız idi, meliorasiya ilə bağlı olan layihələr, sadəcə olaraq, kağız üzərində qalmışdı. Biz onları həyata keçirdik və infrastruktur məsələlərinin həlli nəticəsində bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Azərbaycanda tikilmiş 20-dən çox yeni elektrik stansiyası bu imkanları bizə yaratdı. Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir və biz indi dünya üçün, Avropa üçün, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik. 2004-cü ildən bu günədək, yəni, 2017-ci ilə qədər 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınmışdır, böyük meliorasiya layihələri icra edilmiş, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılmış, kanallar çəkilmişdir və bu proses bu gün də davam etdirilir. Qarşıda duran əsas məsələlərdən biri də fermerləri dayanıqlı su ilə təmin etməkdir".

Prezident bildirib ki, sosial infrastruktur yaradılıb, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib: "Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik".

Qaynarinfo.Az