Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov məlumat verib.

Bu gün Konsitutsiya Məhkəməsi aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib. Qərara əsasən, İlham Əliyev 86,02 faiz səslə seçkinin qalibi olub. 

Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: 

"Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Əli Əhmədov bildirib ki, andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verəcək.