Siyasət 14:30 16.11.2013

İlham Əliyev Ukraynaya gedəcək

Səfərin proqramında İlham Əliyevin Ukraynanın baş naziri və Ali Radanın sədri ilə də görüşləri nəzərdə tutulub

Siyasət  Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-18-də Ukraynaya rəsmi səfərdə olacaq. Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti dövlət başçısının müşaviri, Beynəlxalq əlaqələr üzrə Baş İdarənin rəisi Andrey Qonçaruka istinadən məlumat yayıb.

Səfər Ukrayna prezidenti Viktor Yanukoviçin rəsmi dəvəti ilə reallaşır. İki ölkənin prezidentləri arasında keçiriləcək görüş zamanı yüksək səviyyədə ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi, prioritet sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, energetika, infrastruktur və hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

A. Qonçaruk qeyd edib ki, səfər çərçivəsində Ukrayna və Azərbaycan prezidentləri Şurasının IV iclası da keçiriləcək. Bu tədbir ikitərəfli strateji əlaqələrin praqmatik məzmunla daha da doldurulması məqsədi daşıyır. İclasın yekunları ilə bağlı yekun protokolun imzalanması planlaşdırılır.

Bundan başqa, səfər çərçivəsində iki dövlət arasında xarici siyasət, kənd təsərrüfatı, mədəni-humanitar və regionlararası sahələrdə qarşılıqlı əməkdaşlığa dair sazişlərin imzalanması planlaşdırılır.

Səfərin proqramında Azərbaycan prezidenti İ. Əliyevin Ukraynanın baş naziri N. Azarov və Ali Radanın sədri V. Rıbakla da görüşləri nəzərdə tutulub.