Ekonomiks 18:31 14.10.2014

İlham Əliyev yol açdı - FOTOLAR


Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun yenidənqurma işlərindən sonra birinci hissəsinin açılışında iştirak edib.

Qaynar.info xəbər verir ki, Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.  “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 22 kilometrə yaxındır. Artıq yolun 15 kilometrə yaxın hissəsi istismara tam hazırdır. Dörd hərəkət zolağı olan yolun tikintisi yüksək səviyyədə həyata keçirilib.

Mövcud yol əvvəllər ensiz olduğu üçün hərəkətin intensivliyinə əngəl yaradır və tıxaclara səbəb olurdu. İndi isə yolun hərəkət hissəsinin eni 19 metrə yaxındır. Bu da avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaradacaq.

Dövlət proqramına daxil olan bu layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhərin mərkəzinə, həm də Qala və Pirallahı istiqamətinə rahat nəqliyyat əlaqəsini təmin etməkdir. Layihəyə əsasən qovşaqlar və piyada keçidləri də inşa olunub.

Bundan başqa, yol boyunca yaşıllıqlar salınıb. İnşaat işləri zamanı burada bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilib. Beləliklə, müasir tələblər səviyyəsində inşa olunan bu yolun tikintisi nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində paytaxtda aparılan mühüm işlərin davamlı xarakter aldığını bir daha təsdiq edir. Bu cür layihələrin uğurla icra olunması sübut edir ki, ölkədə görülən sosialyönümlü tədbirlərdən başlıca məqsəd əhalinin rahatlığını təmin etməkdir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Qaynar.info