Siyasət 23:12 03.08.2013

İlham Əliyevdən Obamaya məktub

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ABŞ-ın səylərinə böyük ümid bəsləyirik”


Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanı doğum günü münasibəti ilə təbrik edib.

 

Təbrik məktubunda Azərbaycanla ABŞ-ı möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinin birləşdirdiyi vurğulanıb: “Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə səylərimiz strateji tərəfdaşlıq xarakteri alıb. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında və bir sıra digər sahələrdə əməkdaşlığımız da bu qəbildəndir. Eyni zamanda biz xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir, bu səylərin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə tezliklə töhfə verəcəyini gözləyirik. Belə bir əlamətdar gündə sizə və ailənizin bütün üzvlərinə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.


Qaynar.info