Ekonomiks 11:32 18.01.2020

İlham Şaban: “SOCAR 2019-cu ildə tapşırıqların öhdəsindən gəlməyə nail olub”

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu ildə ümumən dövlət tərəfindən onun üzərinə qoyulmuş tapşırıqların öhdəsindən gəlməyə nail olub".

Bunu "Report”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, SOCAR-ın balansında yeni yataqların demək olar ki, olmamasına baxmayaraq, istər neft hasilatında, istərsə də qaz hasilatında artım əldə edilib: "Əgər 10 il əvvəl açılmış və 2012-ci ildə istismarına başlanılmış "Ümid” yatağını nəzərə almasaq. Bu baxımdan SOCAR-ın qazma işləri həcmini artırması hesabına əlavə həcmlər əldə etməsi təqdirəlayiq hadisədir”.

Ekspert xatırladıb ki, ötən il SOCAR-ın tarixində tarixi hadisə baş verib: "Aprel ayında "SOCAR AQŞ” şirkəti "Ümid” yatağında SOCAR-ın quyuları içərisində ən dərinini qazmağa nail oldu - 6810 metr. İndiyə qədər SOCAR tarixində bu dərinliyə və mürəkkəb geoloji şəraitdə quyu qazılmamışdı”.

"Azərbaycanın Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-ın fəaliyyətindən gəliri ildən-ilə qaz həcmlərinin ixracı artdıqca genişlənəcək”
 

İ. Şaban bildirib ki, SOCAR ötən il 2 zavod istismara verib - yanvarda "SOCAR Carbamide” zavodu və fevralda "SOCAR Polymer” zavodunun ikinci hissəsi istifadəyə verilib: "Bu müəssisələr xammalın yarımfabrikat və hazır məhsula çevrilməsi ilə SOCAR-a əlavə dəyər yaradılmasında xüsusilə seçilirlər. Onların fəaliyyətinin sonrakı illərdə genişləndirilməsi SOCAR-ın gəlirlərinin artımında da özünü göstərən amil kimi çıxış edəcək”.

Ekspert həmçinin vurğulayıb ki, ötən il Azərbaycan sərhədlərindən kənarda SOCAR-ın ən böyük uğuru TANAP layihəsini tam istismara verməsi ilə yadda qalıb: "Meqa bir layihəni tikib başa çatdırarkən nəzərdə tutulduğundan 5 mlrd.dollar az vəsait hesabına ərsəyə gətirməsi SOCAR-ın operatorluğu ilə həyata keçirilən ilk infrastruktur layihəsində menecmentin yüksək səviyyədə aparıldığının nümayişi idi. TANAP-la ötən il ərzində 2,78 mlrd. kubmetr qaz ixracına nail olunub, bu kəmər işə düşəndən isə Azərbaycan Türkiyə bazarında əlavə 3,75 mlrd. kubmetr qaz satmaq imkanı əldə edib. Azərbaycanın Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-ın fəaliyyətindən gəliri ildən-ilə qaz həcmlərinin ixracı artdıqca genişlənəcək”.