Texnologiya 18:29 25.08.2018

İlk 5G smartfonunu bu şirkət istehsal edəcək

Çinin "Oppo" şirkəti 5G dəstəkləyən ilk smartfon istehsalçısı ola bilər.

Qaynarfino xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Şen Yiren məlumat verib.

Onun sözlərinə görə, "Oppo" brendli ilk 5G smartfonu 2019-cu ildə təqdim ediləcək. Yeni smartfonun təqdimatı gələn ilin birinci yarısına nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl "Oppo" və "Qualcomm" şirkətləri əməkdaşlığa başlayıb. Müqavilənin şərtlərinə əsasən, "Qualcomm" beşinci nəsil rabitə şəbəkəsi üçün lazım olan prosessorların tədarükünü təmin edəcək. 

5G mövcud 4G şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan 4G şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı 5G şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.