Texnologiya 12:23 25.12.2017

İlk Bitcoin cinayəti

Türkiyənin Antalya şəhərində "Bitcoin" kripto pul vahidi üstündə cinayət törədilib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, sentyabr ayında boğularaq öldürülən 22 yaşlı Mert Ersoyun bədənində zorakılıq əlamətləri aşkarlanmışdı. Polis, gəncin ölümündə şübhəli bilinən 5 nəfərin cinayəti "Bitcoin" üçün törətdiklərini açıqlamışdı. Lakin onlar kripto valyutanı ələ keçirmək üçün vacib olan təhlükəsizlik səddini keçə bilməmişdi.

Ersoyun anası Sevgi Çinar "Oğlum bu işlə təkbaşına məşğul olmurdu, onun 3 ortağı var idi. Bu ortaqlar oğlumu öldürənlər arasında olan M-i tanıyırdı. Mərdin nə qədər pulu olduğunu ən yaxşı ortaqları bilir. Bütün suallara məhkəmədə aydınlıq gətiriləcək. Bizə Mərdin kripto pula görə öldürüldüyünü dedilər, amma buna belə əmin deyilik. Əgər oğlumun çoxlu pulu var idisə, o pullar indi haradadır? Onun nə telefonu, nə kompüteri, nə də digər şəxsi əşyaları bizə verilmədi" fikirlərini səsləndirib.

Vəkil İlker Atamer məsələnin hüquqi tərəfinə aydınlıq gətirərək "Bitcoin və ya oxşar kripto pul digital pul qabında saxlanılırsa və pulun sahibi giriş kodunu heç kimə deməyibsə, məbləği oradan götürmək mümkün deyil. Əgər "Bitcoin"lər Türkiyənin digital pul birjasında saxlanılıbsa, pulun varisləri məhkəməyə müraciət edərək həmin məbləğə sahib çıxa bilərlər" deyib.

Gülşən