Dünən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç. 12 ünvanında yerləşən yataqxanada məskunlaşmış AMEA işçilərinin həmin ərazidə inşa edilmiş binaya köçürüldüyü ilə bağlı qurumdan verilən açıqlama qarşı tərəfin narazılığına səbəb olub.
Yeni binada mənzillə təmin olunduqları deyilən aspirant və qurumun digər işçiləri Qaynarinfo-ya müraciət ünvanlayaraq, AMEA-nın yaydığı açıqlamanın ağ yalan olduğunu bildiriblər. Şikayətçilərin sözlərinə görə, ölkə başçısının verdiyi sərəncamı öz xeyrinə yönəldib, mənzil alveri ilə məşğul olan AMEA-nın işlər müdiri Fətəli Abdullayev, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın Hüquq şöbəsinin müdiri Rasim Ağasiyev, işlər müdirinin müavini Sərdar Əliyev kimi AMEA-da yüksək vəzifə tutanlar mənzilləri pul qarşılığında başqalarına satıblar.
"14.11.2012-ci il tarixdə "Sifarişçi” AMEA və "Podratçı” Evrostroy-S MMC arasında podrat müqaviləsi bağlanıb. Müqavilədə Aspirantlar yataqxanasına məxsus 0,66 ha həyətyanı sahədə 1 (bir) ədəd 4(dörd) girişli 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisini şirkət öz üzərinə götürüb. Müqavilənin 1.3 bəndində "Podratçı” AMEA-ya məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa edildiyi 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla "Sifariçi”yə təhvil verməyi öz üzərinə götürdüyü qeyd olunub. İnşaat pasportunda isə göstərilib ki, I və II bloklar yataqxana sakinləri üçün nəzərdə tutulub. Nəhayət nəzərdə tutulmuş binaların tikintisi başa çatdıqdan sonra bizim üçün ayrılan hər biri 65, 72, 78 kv. metr mənzil sahəsi olan I və II bloklar satışa çıxarıldı. 2014-cü ildə yeni sərəncamla hər biri 65, 99, 78, 86 kv. metr mənzil sahəsi olan V blokun inşasına başlandı və "sifarişçi” ilə "podratçı” arasında 2012-ci ildə bağlanmış Podrat müqaviləsində dəyişikliklər edilərək müqaviləyə əlavələr olundu. Bu dəyişikliklər haqqında isə biz yataqxana sakinləri müqavilədə üçüncü tərəf predmeti olduğumuz üçün məlumatlandırılmadıq".
Şikayətçilər məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etəsələr də, problem öz həllini tapmayıb:
"Tutduqları vəzifələrə güvənərək qohum-əqrabalarını ətraflarına toplayan bu məmurlar öz qara əməllərini də bu yollarla ört-basdır edərək cəmiyyətin gözündə özlərini aliləşdirib alim adı daşıyırlar. Arsızcasına qanunsuz əməllərini belə olmalı imiş kimi həyata keçirirlər. AMEA rəhbərliyinin yaratmış olduğu Mənzil bölgü komisiyasının işi isə insanların heysiyyatı ilə oynayaraq ”get sizin məsələnizə baxacağıq” cümləsini qurmaqdan ibarətdir. Bu zaman ərzində biz sakinlər nə qədər qəbullarda olsaq da, AMEA rəhbərliyinin nüfuzu sayəsində sadə vətəndaşın səsi nəzərə alınmayaraq, bütün müraciətlərimiz nəticəsiz qalıb. Prezident Administrsiyasında dəfələrlə qəbullarda olsaq da, bizə verilən məsləhətlərlə məhkəməyə müraciət edilsə də, burda da AMEA rəhbərliyinin nüfuzu öz sözünü deyib. Artıq AMEA rəhbərliyi öz işinin ikinci mərhələsinin təməlini qoymağa başlayıb, belə ki, sökülməsi haqqında sərəncamı hələ 2012-ci ildə imzalanan, uçub-tökülən, son nəfəsini verən Aspirantlar yataqxanasını əlində rıçaq kimi saxlayaraq, tikinti şirkətindən yeni paylar almaq sevdası ilə boşalan otaqlara AMEA-nın magistrlarını yerləşdirmək arzusu ilə KİV-də yeni iş görürmüş kimi xəbərlər nümayiş etdirir. İlin sonu yaxınlaşır, AMEA rəhbərliyinin canfəşanlığı gün kimi aydındır, yeni mənimsəmə yolları axtarılır. Yoxsa sökülməyini gözləyən yataqxana binası son 6 il ərzində də burada idi və təmirə də külli ehtiyacı var idi. Bu sadəcə ictimaiyyətin gözündən pərdə asaraq, öz nüfuzlarından istifadə edib, biz sadə vətəndaşı dövlətdən narazı salmaqdır".
Çingiz Səfərli
Şərhlər