Sənət 12:16 20.06.2018

İllərin o üzündə nələr qaldı... - Bir daha istedad haqqında

Akif Əli

Qədim yunanlar demişkən, həqiqətən bu dünyada "hər şey axır, hər şey dəyişir”. 

Ötən günlərdə Şərif Ağayarın yaradıcılığı haqqında bir yazı oxudum. Ağa Cəfərlinin "Şərif Ağayarın "Ağ göl”də dedikləri...” başlıqlı iri həcmli məqalə belə bir vəcdlə bitirdi: "Yolun açıq olsun, Yazıçı!” (bax: "525-ci qəzet”, 09.06.2018) 

Təbii ki, Şərif haqqında son vaxtlar çox yerdə çox yazı yazılır və bu yazılarda əsasən onun istedadlı qələm adamı olduğu vurğulanır. Amma əvvəlindən axır cümləsinədək Şərif Ağayarın istedadlı bir Yazıçı (!) kimi təqdirinə həsr olunmuş sözügedən məqalə ona görə diqqətimi cəlb elədi ki, bu etiraf məhz "525-ci qəzet”də dərc olunmuşdu...

"Yolun açıq olsun, Yazıçı!” ifadəsi illər öncə gənc şair Şərif Ağayar haqqında yazdığım bir məqaləni yadıma saldı. O vaxt - on dörd il bundan qabaq, Novruz bayramı ərəfəsində o məqalə həm Şərifin özü üçün, həm də onu "sidq-məhəbbətlə sevən klassik ədiblər” üçün bayram sürprizi idi (bax:Akif Əli. "Poeziya mövzusunda dramatik mülahizələr”, "Ekspress” qəzeti, 19 mart 2004.) 

Düşündüm ki, indi yazını arxivdən çıxarıb yenidən hörmətli oxuculara təqdim etməyin yeri var. Əlbəttə, məqsədim heç də Şərifi təkrar təbliğ etmək deyil (buna daha onun ehtiyacı da yoxdur). Məqsədim Tanrıdan "qələmə vurğunluq” vəhyi alan bugünkü gənclərin, yəni Şərifdən sonra gələn yazarlar nəslinin diqqətini bir daha belə bir həqiqətə yönəltməkdir ki: əsil istedadın şərə, pisliyə, paxıllığa tez-gec qalib gəldiyinə, nə qədər qarşısı kəsilsə də, yaradıcılığı ört-basdır edilsə də, yenə öz içindəki sənət yanğısını gün işığına çıxara biləcəyinə, insanlara sevinc bəxş edəcəyinə inan, istedadlı dost! Qəlbində saçan Tanrı nurudursa, Ona güvən, Xeyirlə Şərin yer üzündə əbədi çəkişmədə olduğunu bilib də pislik, paxıllıq, haqsız tənqid, ədalətsiz davranış görəndə sarsılma, ruhdan düşmə, dünyadan, sənətdən, həyatdan küsüb bədbinliyə qapılma, qələmi və özünü atma, rəqibindən daha müdrik və daha mübariz olmağa çalış... Niyyətin əsil böyük sənətə gəlməkdirsə, sənətin yolu budur. Yaradıcı insanın taleyi bütün zamanlarda keşməkeşli olub. Fransız yazıçısı Jül Renar deyirdi: "İstedadlı adam öz istedadını istedadsızlara dönə-dönə sübut etmək məcburiyyətindədir.” Eynən bir zamanlar "klassik ədiblərin” tənqidinə tuş gələn, istehzası ilə üzləşən gənc şair Şərif Ağayar öz istedadını nəhayət, o istedadsızlara qəbul etdirdiyi kimi... 
 


Minillərlə yaşı olan dünya mədəniyyəti tarixində istedadın istibdada qalib gəldiyi, istedadlı adama nə qədər maneələr törədilsə də, yenə sənətkarın öz sözünü dediyinə, öz yerini tapdığına, hətta ölümündən sonra olsa da belə yenə etiraf olunduğuna dair saysız-hesabsız misallar var. Bütün dövrlərdə istedadlı adamın ətrafında ona paxıllıq edən, quyu qazan, ayağından çəkən, qarşısını kəsən, mane olan neçə-neçə vampir dolaşıb. Ancaq Tanrının əsil yaradıcı potensial bəxş etdiyi söz-sənət adamını ədəbi-mədəni mühitdən çıxdaş eləmək hələ heç bir paxıl, pisniyyətli, istedadsız xəbisə müyəssər olmayıb, olamaz da...

Kəsəsi, bu günkü istedadlı Yazıçının on dörd il əvvəlki yolunu görmək istəyənistedadlı gəncyazarlaradırsözüm: oxuyun,baxınillərin o üzündə nələr vardı, nələr oldu, nələr qaldı...

"Poeziya mövzusunda dramatik mülahizələr”


 "…Dünya belədir: "birisi” yazır, o biri pozur. Yəni birisi yazıçıdır, o biri pozucu. Birisinin əlində ağ kağız-qələm var, o birində qara mürəkkəbqabı. Birisinin istedadı var, o birinin istedadsızlığı. Birisinin əxlaqı var, o birinin əxlaqsızlığı…

Beləcə yaşayır dünya. Birisi deyir: "Desəm öldürərlər, deməsəm ölləm”. O biri deyir: "Necəsən qanmayam, dədən yansın?!”  Hərə özünə oxşayır...

Şərif Ağayarsa baltanı kökündən vurur: "Bu dünya himindən çürükdü, qardaş”…

* * *

İnsanlar gəldi-gedərdi, həyatsa daimi. Və həm də daim dəyişəndi, yeniləşəndi həyat. Beləcə bəşəriyyət mütəmadi mədəniləşmə prosesinin içindən keçir. Amma bu proses sanki bizim sınırları ləng aşır. Ömürsə o qədər uzun deyil ki, planet boyunca gedən böyük inkişafın müqabilində oturub illərlə gözləyəsən ki, nə vaxtsa bizdə də mədəni inkişaf prosesləri sürətlənəcək. Odur ki bəzən özü gətirməyə cəhd edir yeniliyi çılğın yeni nəsil…

Nə olur-olsun, bütün sahələrdə olduğu kimi, mədəniyyətdə də (və onun nəhəng bir qolu olan ədəbiyyatda da) yeniləşmə labüddür. Və artıq bu yeni nəfəs gəlir. Təbiət kimi, Novruz kimi. 

Yenilik havası ilə yaşayan istedadlı adamı müdafiə edəndə hərdən təəccüblənən olur: 

- Sən ki onu heç tanmırsan, üzünü də görməmisən... 

-Məgər mən Mirzə Ələkbər Sabirin satira sənətkarlığından dissertasiya müdafiə edəndə onunla  tanış idik?! – deyirəm.
İstedadı qiymətləndirmək lazımdır, tanımaq yox. Bu özü də bir istedaddır. Və hər istedadlı adam - Azərbaycan torpağının yetirdiyi bir sərvətdir! Sərvəti qoruyarlar, qırmazlar. "İpə-sapa” yatmasın, amma təki Vətəni sevsin, ona bizdən daha yaxşı xidmət etmək iddiasında olsun, özünü yox, ölkəni düşünsün… Burda qısqanmalı nə var! Vətən hamımızındır...Hamımız bu Vətəninik...
 
*  *  *

Tanışlıqdan sonra da tanımadıqların haqqında yanılmadığını görəndə, ilkin fikirlərlə ilk görüş təəssüratının üst-üstə düşməsini biləndə, təbii, məmnun olursan.

Həmişə yazısına, düşüncəsinə görə qiymətləndirdiyim Şərif Ağayarla da təzə görüşüb tanış olduq. "Vektor” BEM-in xeyirxahlığı ilə kitabı çıxıb: "Səhra məsnəvisi”. 

Bu dəfə də ilk təəssüratdan məmnun qaldım: adamın istedadı aurasından duyulurdu. Həqiqətən fitri bir istedadın istisi vururdu adamı uzaqdan. Hiss edirdin ki, bu onun dopdolu ruhunun, zəngin və həssas qəlbinin istisidir, maraqlı könül dünyasının işığıdır. Təmiz, pak, xıltdan-xiltədən, kindən-küdurətdən, paxıllıqdan, cılızlıqdan uzaq olan ruhani qəlbinin… Hər şeydən öncə Vətən üçün döyünən, ölkə üçün, xalqı üçün, eli, obası, kəndi üçün döyünən və içində heç bir pisliyi gəzdirməyən (güman ki heç zaman da gəzdirməyəcək) açıq qəlbinin.

* * *

Durğunluq yaradan doqmalara, tabulara çılğın etiraza qalxan modernçilərin yazdıqları həm də oxunur. İçində həyata yeni baxış var, fikir-düşüncə var, mövqe var deyə. Dünənin qoynunda uyumaq yox, bugünü oyatmaq və "pəncərələri sabaha açmaq” (R.Rza) niyyəti ilə çalışır. Yeni təfəkkür tərzi, dünya olaylarına özəl münasibəti təqdirə layiqdir. Onları oxuyanda olur ki nəyləsə razılaşırsan və nəyləsə razılaşmırsan, amma hər halda tam biganə qalmırsan. 

Ancaq canlı-cansız klassiklər var ki, artıq çoxdandır onları heç kim oxumur. Sadəcə otururlar dəyirmanda. Çap olunurlar, dövriyyədən çıxmırlar, hər yanda qalırlar... Amma oxunmurlar. Lap dəqiqini kitabxanaçılar, satıcılar, anbardarlar bilir...
 


* * *

Şərif Ağayar 1976-da Laçının Ağbulaq kəndində doğulub. 1992-də doğma torpaqları məcburən tərk edib. Ağcabədinin Qış yataqlarında  sığınacaq tapıb. Ali təhsilini də orda alıb. Pedaqoji Universitetin Şuşa filialını bitirib. Tarixçi-filoloqdur. Ailəlidir. İki övladı var.

Vəssalam. Cəmi üç-dörd sətirdən ibarət ömür yolu. Amma söhbət edəndə mənə elə gəlmişdi ki, adam çox zəngin bioqrafiyaya, həyat təcrübəsinə malik, oturuşmuş bir kişidir. Onunsa sən demə cəmi 28 yaşı varmış…

Yalnız "Səhra məsnəvisi” ilə tanışlıqdan sonra bu gəncin nədən belə tez böyüyüb, yetkinləşdiyi (bəlkə də yorulduğu) aydın oldu. Onu güman ki həyat yorub, yetişdirib! Və yaşadığı o  üzüntülü adi vətəndaş həyatının izləri sifətində olduğu kimi, kitabının səhifələrində də var. 

Şərifin özü ilə, Şərifin ömür yolu ilə və Şərifin yazdığı şerlərlə tanışlıq zamanı düçünürdüm: həqiqətən köhnə çürük palıdların bütün ağırlığı ilə cavan pöhrələrin üstünə yıxılaraq onu əzmək, məhv etmək eşqi ilə güc vurub gücənməsi… nə qədər ayıb işdir!        

Şərif Ağayarın kitabını əvvəldən-axıra oxudum. Və oxuduqca düşündüm: kimsə söz meydanından o Şərif Ağayarı didərgin salmaq istəyir ki, o artıq bir dəfə oxşar taleni yaşayıb. 92-də... Və onun artıq bu fani dünyada gördüklərini, duyduqlarını, yaşadıqlarını həmən basqınçı ömrü boyu görməyib, duymayıb, bilməyib. Bilməsi də gecdi daha…

"Laçın rayonunun Ağbulaq kəndi 
dağıldı
talandı
yağmalandı
doxsan ikinin mayında.

İmranla Nabatı əsir götürdülər
uşaqları burda – Arandadı
Hətəm müəllimi güllələdilər
yolun kənarındakı qoz ağacının dibində
şair Möhbalıdan xəbər-ətər yoxdu hələ də…

maşından atılıb qaçmaq istəyəndə  
ayağını sındırdı Zəriş xala 
Gülgəz arvadı Kəlbəcər üzdə itirdilər  
soyuq və yağmurlu bir gecədə   
Qəmzə arvad özünü qayadan atdı…    

Əmir müəllimi 
Laçının girəcəyində yaraladılar 
sonrasını  bilən yoxdu…     

kəndçilərim
qohumlarım
əzizlərim
sizə nə gəldi birdən-birə…”   

Ürək ağrısı ilə oxunur Şərif Ağayarın kitabı. Təkcə erməni vəhşiliyinə tuş gələn Ağbulaq camaatının əzab-əziyyətinə görə yox, həm də o zaman  cəmi 15-16 yaşı olan yeniyetmə bir oğlanın bu qədər insan faciəsini erkən yaşlarında görməsinə, yer üzündəki şərə belə tez şahid olmasına acıyırsan. Görürsən ki, bu misralar əzəl başdan yazılanda ürək ağrıları ilə yoğrulduğundan indi oxunanda da belə təsirləndirir. Və düşünürsən: yəni adamların sındırılmış məşəqqətli taleyi bir özəl, fərqli baxışa dəymədi?! Vətən yolunda çəkilən bu qədər əzab-əziyyətin əvəzi soyuq istehzadır məgər? İstedadlı bir adamla danışmaq üçün isti oda sahibləri soyuq rişxəndlərdən qeyri laf bilmirmi? Axı heç olmasa bu adam bu Vətənin lap çəpərində düşmən qarşısına çıxanlardan olduğu üçün lal bir sevgiyəsə layiqdir!..

"Allah böyükdür
Vətən bölünməzdir
şəhadət verirəm ki Vətən şəriksizdir
şəhadət verirəm ki Vətən anadır
şəhadət verirəm ki Vətən üçün ölənlər
bu yurdun ən layiqli övladlarıdır
Qarabağa tələsin
nicat tapmağa tələsin
Qurtuluşa tələsin
cihad başlandı
Vətən bölünməzdir
Vətəndən başqa Vətən yoxdur.” 

Namaz üstündə müqəddəs dua mətni kimi tənhalıqda ağ kağıza pıçıldanan bu kəlam tutumlu kəlmələr Şərif Ağayarın bütün varlığını və əqidəsini bəlli edib ortaya qoyur. Onun namusu, vicdanı, qeyrəti, zəkası haqqında məlumat yükü daşıyır. 

Bir vicdan sahibinin qoparağını götürüb qovmağa nə var? Vicdansızı qov görüm!..

"…-cəld olun! 
cəld olun! 
biz gələndə atırdılar
yol bağlana bilər…
-çıxın maşının "bortuna”
-çadırı neyniyirsən? 
-cəld olun! 
yol bağlana bilər 
-Allah sən özün kömək ol!
-ata!ata!
pişiyimizə bax
özü tullandı maşına
- cəld olun! 
söhbət vaxtı deyil
biz gələndə atırdılar
-bunədi? 
-torpaq
-ay hay  
-cəld olun…”  

Bu böyük qaçha-qaç, köçha-köç təhlükəsini yaşayan şairin cəmisi 16 yaşı varmış… 

Gözönünə 92-nin dəhşətləri gəlir. Yuxarı Qarabağda, Şuşada, Laçında yaşanan faciələr yaddaşımızdan lent kimi keçib-gedir. Şəhid ahları, qaçqın, köçkün dalğası, qız-gəlinlərin harayı, qan-qada, ölüm-itim, insan faciələri… 

Bütün bu cəbhə olaylarını o vaxt Vətənin yanında olanlar böyük həyəcanla yaşayır, hər gün Vətənin dərdli səsindən danışır, deyir, yazır, paytaxtda kürsü davasına çıxan, mövqe döyüşləri aparan manqurtları Vətənin başı üstünü alan təhlükələr barədə xəbərdar edirdik… 
 
Şərif kimi balaca-balaca cəsur oğlanlar isə orda, cəbhə xətinin lap yaxınlığında, dəhşətlər qoynunda yatır-durur, məktəbə gedir, ata-analarına kömək edir, camaatın od-alovdan salamat çıxmasına yardım edirdilər. Və indi o balaca oğlanlardan biriyekə kişi olub gördüyü həqiqətlərdən yazır, faciələrimiz haqqında bildiklərini bədii sözün qüdrəti ilə tarixin yaddaşına köçürür. Zaman-zaman bu vəhşiliyi görüb susan, yazmayan, saxlamayanların işini görür. 

Heç zaman Vətənin yanında olmayanlar isə indi ona istehza edirlər… Bu da onların həqiqətidir? Amma Vətən qeyrəti ilə yaşayanlar belə "həqiqətləri” udmurlar, tüpürürlər.   

"…hücum etməli o kəndə
qızlarını zorlamalı
saçından yapışıb sürüməli
hamilə gəlinlərin
şişman qarınlarını
nallı çəkmələrlə təpikləməli
süngüylə yırtıb çıxarmalı
canına yenicə qan hopmuş rüşeymləri
darmadağın etməli o kəndi !
bir nəfər belə sağ buraxmamalı…” -

– bu ermənisayaq "humanizmin” sədalarını da Şərif Ağayar o dağlarda eşidib, aranda qələmə alıb. Quduz xislətli düşmən komandirinin öz əsgərlərinə verdiyi həmin döyüş tapşırığını – bu tapşırığın yerinə yetirilməsi məqamında öz üzərində hiss edərək, ölümü yaxından görərək, qanıyla, göz yaşlarıyla, əsəb və qəzəb gərginliyi ilə yazıb Şərif. 

Və daha bir çox həqiqətlərdən yazıb günümüz, güzəranımızla bağlı Şərif Ağayar… Çox şeylər yazıb.

Qəribədir ki, o məhz dövrün həqiqətlərini yazarkən bəzi haqsızlıqla, normal şüurda yetişə bilməyəcək alt qatdan gələn sinizmlə qarşılaşıb. Amma siniklərin ümumi cərgədən gülə-gülə çıxardığı hər sıra sayı bir insan taleyidir! Bəlkə də yazar olaraq Allah adamının taleyidir. Heç bir ictimai təhlükə mənbəyi olmayan, heç zaman yırtıcı residiv əməllərə qurşanmayacaq və təkcə elə bu bəlli perspektivi ilə Vətənə gərəkli, sevgiyə layiq olan vətəndaş - şair, yazıçı, ədəbiyyat adamıdır… Dövlət təfəkkürünün tələbi - onlara həssas yanaşmadır, çıxdaş eləmək yox. Xalqı əvvəl-axır yazıçı təmsil edir, pozucu yox… 

Belə incəliklərin fərqinə varmadan kobud saldafon ədaları ilə danışanların yeri… hər halda aydınlar ocağı deyil! 

* * *

Adamlar adətən öz potensialının tükəndiyini görəndə qorxar, çəkinər. Nəhəng şəxsiyyətlər nə yeniliyin gəlişindən qorxar, nə tənqiddən çəkinər, nə özünütənqiddən. İçindəki yenilməz qüdrətə güvənən Kişiləri həmişə meydanda mərd-mərdanə gərdiş edən, xoflanmayan, hallanmıyan səbrli və samballı gördük... Üz-üzə gələn… Arxadan zərbə vuran yox!

Özünə inanmayan və güvənməyənlərsə həm də xoflu olar. Həqiqinin qarşısında duruş gətirə bilməyəcəyindən çəkinər. Haqlı saydığı haqsız mövqeyini qorumaq, saxlamaq üçün, üstünə gələn yeniliyi durdurmaq üçün hər əmələ əl atar. Ətrafına köhnə-külüş taxtalardan hasar çəkər. Köhnə palan içi sökər… Beləsi Vətəni də sevməz, sevə bilməz. Çünki Vətəni sevən özünü düşünməz. Vətən naminə olan hər irəli addımı təqdir edər.  
Amma onsuz da yaz gələcək… Dünya dəyişəcək… Həyat qışdan çıxacaq…

* * *

Bəlkə də Şərif Ağayar aranda gördüyü imansızlıqlara ona görə dözə bilir ki, neçə il öncə dağlarda daha ağır dəhşətlərə sinə gərib, daha qatı düşməni görüb də gəlib… 

Paradoks ondadır ki, "günahı” o zaman da Vətənini səmimi məhəbbətlə sevməsi, sevdiyi Vətənin təəssübünü çəkməsi, onun sabahı naminə çalışmaq istəməsi olub, indi də. 

Vətəndən Vətənə didərgin düşən bu həssas qəlbli şair vətənsiz, məsləksiz, dinsiz-imansız  kosmopolitləri görəndə acı istehza ilə:

"Gəlin erməniyə verək torpaqları
müzakirəsiz filansız
cıdır düzündə məzə partlatsın
baldırıaçıq haxçilər
əsir düşmüş gəlinlərimizlə
rahatca əylənsin qoyungöz dığalar
babalarımızın qəbrini şumlayıb
yerində andronik bağı salsınlar
məscidlərimizi meyxanəyə döndərsinlər...”

–deyib. Yandığından, qovrulduğundan, tüstüsü çıxdığından belə deyib. Və sonra da qayıdıb qəzəblə:

"…əzmək istəyib həmişə
zamanın
insan cildinə girib
addımbaşı
həqiqətin sifətinə çırpılan
oğraşını…” 

* * *

Şərif Ağayarın kitabında sevgi şerləri də var, təbiət şerləri də. Dostluqdan da yazıb, sədaqətdən də… Amma mən onun yaradıcılığında ən əhəmiyyətli bildiyim mövzulardan -  Vətən təəssübü, yurd yanğısı, torpaq ağrısı ilə, Qarabağ itkisi ilə bağlı şerlərini seçib sonaladım. Çünki həmin məqamlarda Şərif Ağayar ona tənə edən kimsələrdən qat-qat uca görünür.

…Yeni kitablar və daha uca zirvələr arzusu ilə, gənc dost! Yaşa, yaz, yarat. Doğru olan yolunda dönməz ol. Nə etməli ki:     

"Mərdlər ay Ağayar mərd işindədi
namərdlər namərdlik vərdişindədi
xəyanət tarixin gərdişindədir
bu dünya himindən çürükdü qardaş…”