Dünya 13:18 11.01.2019

Çin "kitayski" İslam dini yaradır

Çinin dövlət nəzarətində olan Çin İslam Cəmiyyəti (ÇİC) "Çin İslamı" ideyasının irəli sürüldüyü tədbirdə ölkənin müsəlman əhalisinə sosialist dəyərlərin aşılanacağını açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Pekində təşkil olunan tədbirə müsəlman cəmiyyətlərinin nümayəndələri qatılıb.

"Ölkədə İslamın çinliləşdirilməsi üçün 5 illik çalışma planı 2018-2022" adlı seminarda müsəlman cəmiyyətinə Çin Kommunist Partiyasının İslam üzərindəki araşdırmalarını operativ şəkildə tətbiq etmələri, İslamın çinliləşirilməsinə sadiq qalmaları, Çin İslamı və Çin tipli sosializmi təşfiq etmələri barədə çağırış edilib.

ÇİC-in sədri Yang Faminq sosialist dəyərlərlə bağlı dərslərin keçirilməsi üçün lazımi tədbirlərin görülməsinin və məscidlərdə ənənəvi Çin mədəniyyətinin təbliğ edilməsinin labüdlüyünü bildirib.

Çin İslam İnstitutunun dekan müavini Qao Canfu isə öz növbəsində mətbuata verdiyi açıqlamada "İslamın çinliləşdirilməsi" mərhələsində İslam dinində heç bir dəyişiklik olmayacağını və islam dəyərlərinə xələl gəlməyəcəyini deyib.

"İslamdakı inanc, davranış və ideologiyada heç bir dəyişiklik olmayacaq, sadəcə sosialist dəyərlərə uyğunlaşdırılacaq", - deyə o, bildirib.

O, İslamın sosialistləşdirilməsi ilə bağlı kitabların bu ildən etibarən məscidlərdə oxudulacağını da sözlərinə əlavə edib.

Çin İslam Cəmiyyətinin sədri ötən ilin mayında da müsəlmanlara sosializmin öyrədilməsi, vətənpərvərlik ryhunun təlqin edilməsi, Çin mədəniyyətinin öyrənilməsi, eyni zamanda məscidlərə Çin bayrağının göndərilməsi ilə də bağlı çağırış etmişdi.

Qeyd edək ki, bir müddət öncə Çində bir neçə məscid qanunsuz fəaliyyət göstərdikləri iddiası ilə bağlanmış, bu səbəbdən müsəlman əhali ilə dövlət nümayəndələri arasında qarşıdurma yaşanmışdı.

Çinin panislamist mövqeyi və xüsusilə Sincan bölgəsində məskunlaşmış müsəlman uyğurlara qarşı davranışları beynəlxalq müstəvidə sərt şəkildə tənqid olunub.