Dünya 13:06 17.06.2018

Çin mediası Trampı axmaq adlandırdı

Çinin Sinxua xəbər agentliyi ABŞ prezidenti Donald Trampın qlobal iqtisadiyyata zərər verə biləcək siyasətini tənqid edib.

Qaynarinfo xəbər verir ki, agentlik Tramp administrasiyasının yeritdiyi mühafizəkar ticarət siyasətini pisləyib və bu addımın düşünülmədən atıldığını yazıb.

"Müdrik insanlar körpü, axmaqlar isə divar inşa edərlər. Çin və ABŞ arasındakı ticarət savaşında Çinin ən doğru cavabı böyümə və dünyaya açılmaq olar. Həmçinin böyümə və dünyaya inteqrasiya etmək dünyadakı böyük iqtisadiyyatların ən böyük öhdəliyidir. Tramp hökuməti isə qlobal iqtisadiyyatı yavaşladan utancverici rol oynamaqda qərarlıdır. Ticarət müharibəsinin qalibi olmaz. ABŞ-ın başlatdığı ticarət müharibəsi qlobal iqtisadiyyata, çoxtərəfli ticarət əlaqələrinə və qlobal istehsal tədarükü zəncirinə çox ciddi zərər verəcək. ABŞ-ın yanlış mühafizəkar siyasətinin cəriməsini isə dünya ödəyəcək. "Ağ Ev"in yeritdiyi beynəlxalq ticarət siyasəti sadəcə seçiciləri öz tərəfinə çəkməyə yönələn düşünülməmiş həmlədir. Amerikalı seçicilər də prezidentlərinin onların hüquqları üçün mübarizə apardığına inanırlar. Tramp administrasiyasının tez-tez fikir dəyişdirməsini nəzərə alsaq, müharibənin başladığını söyləmək hələ erkən olardı. Amma Çinin mövqeyi əvvəldən dəyişməz olaraq qalır", - deyə məqalədə qeyd olunur.

Qeyd edək ki, Trampın Çindən idxal olunan 50 milyard dollar dəyərində məhsula əlavə vergi tətbiq olunması qərarının ardından Çin də iyulun 6-dan etibarən ABŞ-dan idxal olunan və dəyəri 34 milyon dollar olan 545 növ məhsula əlavə gömrük rüsumunu tətbiq edəcəyini açıqlamışdı.
 
Çingiz Səfərli