Ölkə 16:49 15.02.2020

Çindən təxliyyə olunan azərbaycanlılar Bakıya çatdı

Çindən təxliyyə olunan azərbaycanlılar artıq Bakıdadır.

Qaynarinfo xəbər verir ki, onlar Bakı vaxtı ilə saat 16:20-də Heydər Əliyev adına hava limanına çatıblar.

Qeyd edək ki, Çinin Uhan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyyə olunan və Ankaradakı Doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları bu gün həmin xəstəxananı tərk ediblər. Təxliyyə olunan vətəndaşlarımız xəstəxananı tərk edəndən sonra Ankarada Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsini ziyarət ediblər. Ölkəmizin Türkiyədəki səfirliyinin əməkdaşları Ankarada fəaliyyət göstərən Buta Bakı Azərbaycan Tanıtma Evində həmvətənlərimizlə görüşüblər. Görüşdə Çindən qayıdan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə və Türkiyə dövlətinə təxliyə ilə bağlı göstərilən dəstək və qayğıya görə təşəkkür ediblər. Azərbaycanlılar yerli vaxtla saat 13:00-da AZAL-ın müvafiq reysi ilə Bakıya yola düşüblər. 

Çindən təxliyə olunan Azərbaycan vətəndaşları bunlardır: Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov, Elşən Musazadə.

Onu da qeyd edək ki, vətəndaşlarımız Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmvətənlərimizdə koronavirus aşkarlanmayıb.