Dünya 13:01 12.11.2019

İngilis hərbçisini Türkiyədə kim öldürüb? - İngiltərədən ağır ittiham

İstanbulda cəsədi tapılmış keçmiş ingilis hərbçisi Ceyms Le Mesurierin qətlində Rusiyanın əli var.

Qaynarinfo xəbər verir ki, bu iddianı İngiltərə Parlamentinin Xarici İşlər Komissiyasının rəhbəri Tom Tuqendhat Le Mesurierin ölümü ilə əlaqədar "Faynənşl Tayms”a verdiyi açıqlamada dilə gətirib.

"Suriyadakı insan haqlarının müdafiəsindəki qəhrəmanlıqları ona çoxlu düşmən qazandırmışdı. Rusiya hakimiyyəti onu tez-tez terror təşkilatları ilə əlaqəli olmaqda günahlandırırdı", - Tuqendhat deyib.

Tuqendhat Le Mesurierin ölümü ilə əlaqədar istintaq qrupuna İngiltərə səlahiyyətlilərinin də cəlb edilməli olduğunu bildirib.

"Daily Telegraph” da ingilis xüsusi xidmət orqanları və hökumətin Le Mesurierin ölümü ilə bağlı prosesi yaxından izlədiklərini, ancaq ölüm səbəbi haqda dəqiq bir söz demək üçün tez olduğunu düşündüklərini qeyd edib.

Qəzet adı açıqlanmayan Suriya üzrə mütəxəssisin fikirlərinə yer verərək Le Mesurierin "inanılmaz təzyiq altında olduğunu" və "hədəfə çevrildiyini" yazıb.

Qeyd edək ki, 2016-cı ildə Kraliça II Yelizaveta Suriyada "Ağ dəbilqəlilər" adıyla tanınan humanitar təşkilatın qurucusu kimi tanınan Le Mesurierə İngiltərə İmperiyası Ordeni verib.

Rusiya Xarici İşlər Nazirliyi Le Mesurieri İngiltərənin xarici kəşfiyyat xidməti MI6-nın əməkdaşı olmaqda günahlandıraraq, MI6-nın Balkanlar və Yaxın Şərq əməliyyatlarında iştirak etdiyini iddia etmişdi.

Sinqapurda bir hərbi ailənin övladı olaraq anadan olan Le Mesurier məşhur İngilis hərbi akademiyası Sandhurstun məzunudur. 
Le Mesurierin cəsədi dünən Bəyoğundakı evinin qarşısında tapılıb.

Alpər