Dünya 20:18 10.02.2018

İngilislərin əcdadı qaradərili və mavigözlü olub?

İngiltərədə aparılmış bir araşdırmanın nəticələri ingilislərin əcdadının qaradərili ola bilməsini aşkar edib.

Britaniyanın Cheddar mağarasında 1908-ci ildə qazıntılar zamanı aşkar olunmuş ən qədim və bütöv halda olan insan skeletinin DNT analizi göstərib ki, ingilislərin əcdadı böyük ehtimalla qaradərili və mavigözlü olub.

Analizin nəticələrinə əsasən, 9 min il əvvəl yaşamış bu kişinin qıvrım qara saçları və enli almacıq sümükləri olub.

Skelet sahibinin ölən zaman təxminən 20 yaşlarında olduğu güman edilir.

Tədqiqatçılar hesab edirlər ki, həmin adamın yaşadığı dövr Britaniya adalarına qədim insanların kütləvi köçü başlayan vaxtlara təsadüf edib və bu səbəbdən o, müasir ingilislərin əcdadı sayılır.


Skeletin aşkar edildiyi mağaraya 1935-ci ildə işıq naqili çəkildiyi zaman

Alimlərə görə, sözü gedən dövrdən daha erkən vaxtlarda yaşamış qədim insan icmaları iqlimin soyuması nəticəsində adaları tərk etdiyindən, məhz Cheddar adamı müasir britaniyalıların əcdadı sayılır.

Britaniyanın Milli Tarix Muzeyinin və London Universitetinin keçirdiyi birgə araşdırmanın nəticələrinə əsasən, Şimali Avropa açıqrənqli insanların yaşaması vaxtı sözü gedən dövrdən xeyli sonraya təsadüf edir.

London Universitetindən Yoan Diekmann qeyd edib ki, "ingilislərin həmişə ağdərili olmasını düşünmək düz olmazdı".


Əvvəllər Cheddar adamının açıqdərili olduğu düşünülürdü

Bundan əvvəl mövcud olan elmi baxışlara görə, təxminən 40 min il bundan əvvəl Afrika qitəsindən Avropaya köç etməyə başlamış insanların dərisinin tünd rəngi zaman keçdikcə daha açıq çalarlar alıb.

Araşadırmalara əsasən, insanda açıqrənqli dəri son 7-8 min il ərzində əmələ gəlməyə başlayıb.

Alimlər hesab edir ki, Günəş ışığının az olduğu yerlərdə insan orqanizminin D vitamininə ehtiyacını təmin etmək üçün insanın dərisi daha açıq rəng almağa başlayıb.
 


Sözü gedən skelet 1903-cü ildə Somerset qraflığının Cheddar mağarasında aparılmış arxeoloji qazıntılar zamanı üzə çıxarılmışdı.

Alimlərə görə, Mezolit dövründə bugünkü İngiltərə hüdudlarında təxminən 12 min insan yaşayıb.

Mənbə: BBC