Dünya 15:54 17.02.2019

İngiltərədə Çörçil müzakirəsi: qəhrəman, yoxsa zalım lider?

Uinston Çörçil BBC-nin 2002-ci ildə keçirdiyi sorğuda "Ən böyük ingilis" seçilmişdi. Lakin bu günlərdə İngiltərədə bəzi insanlar II Dünya Müharibəsi zamanı ölkənin baş naziri olmuş Çörçilə və onun fəaliyyətinə yanaşmanın dəyişməli olduğunu irəli sürürlər.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Uinston Çörçil müharibə qəhrəmanı kimi tanınsa da, əleyhidarları səhvlərinin və irqçi baxışlarının onu qaranlıq bir adam etdiyini düşünürlər.

Çörçil ağdərili irqinin daha üstün olduğuna inandığına dair fikirlərini heç vaxt gizlətməyib və Hitleri də ən aşağı irqin nümayəndəsi olaraq gördüyünü bildirib. Həmçinin kürdlərə, əfqanlara və "mədəniləşməmiş qəbilələr"ə qarşı zəhərli qazdan istifadə edilməsinin tərəfdarı olub. Lakin onu dəstəkləyənlər burada "gözyaşardıcı qaz" nəzərdə tutduğunu söyləyirlər. Bəziləri isə onu bu günün tələbləri ilə mühakimə etməyin düzgün olmadığını, qüsurlarına baxmayaraq, Çörçilin böyük şəxsiyyət olduğunu bildirirlər.

Lakin onun necə biri olması ilə bağlı mübahisələr davam edir.

Çörçilə qarşı neqativ fikirlərdən birini ana müxalifətdə olan İşçi Partiyasının maliyyə sözçüsü Con MakDonneld səsləndirib. Onun fikrincə, hələ daxili işlər naziri olanda - 1910-cu ildə Qallerdə mədənçilərin etiraz aksiyasını dağıtmaq üçün silahlı dəstələr göndərməsi Çörçilin pis adam olmasını göstərir.

Ötən ay isə Şotlandiya Parlamentinin deputatlarından biri Çörçili "soyqırımçı" adlandırıb və 1943-cü ildə Benqalda (Banqladeş və Hindistanın bir hissəsi) 3 milyon insanın ölümünə səbəb olan böyük aclığın şəxsən səbəbkarı olduğunu deyib. Böyük aclıq kifayət qədər taxıl alınmaması və Yaponiyanın Burma (hazırda Myanmar) ərazisinin işğalı səbəbindən bölgəyə düyü idxal edilə bilinməməsi səbəbindən baş vermişdi.

Madhusri Muerce "Churchill`s Secret War" ("Çörçilin gizli müharibəsi") adlı kitabında dövrün ingilis baş naziri Çörçilin Hindistanın taxıl ehtiyacını qarşılamağı rədd etdiyini və hətta müharibəyə kömək göstərilməsi üçün olan taxılın da ixrac edilməsini tələb etdiyini yazıb. Onun o dövrdə Hindistana cavabdeh olan nazir Leopold Ameriyə "Hindlərə nifrət edirəm. Pis dinləri olan pis xalqdır. Aclıqdan dovşan kimi hürürlər" dediyi də iddia olunur.

Beləliklə, ağdərililəri daha üstün irq hesab etməsi, I Dünya Müharibəsində xardal qazından istifadə edilməsinin tərəfdarı olması, mədənçilərin etiraz aksiyasını dağıtmaq üçün silahlı birləşmələr göndərməsi, eyni zamanda Benqal hadisələri 70 ilə yaxın siyasi karyerası olan Uinston Çörçilin necə bir insan olmasını sual altında qoyur.
 
Çingiz Səfərli