Texnologiya 19:34 09.12.2017

İnsan emosiyalarının yerinə robotlar: cəmiyyətləri gözləyən təhlükə

Təhsil biznesdən soruşmalıdır, mən nəyi öyrətməliyəm ki... 

Yüksək texnologiyaların inkişafı nəticəsində gələcəkdə dünyada xeyli sayda iş yerlərinə ehtiyac olmayacaq, onları texnologiyalar əvəz edəcək. Bunu Trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.  

O.Gündüz hesab edir ki, əgər hökumətlər əvvəlcədən tədbir görsələr, bu proses ciddi problem yaratmayacaq: "Bu gün dünyada aparıcı trendlər mövcuddur, deyək ki, robotlaşma, ağıllı avadanlıqlar və s. Bunların inkişafı sayəsində gələcəkdə xeyli iş yerlərinə ehtiyac olmayacaq. Hökumətlər əvvəlcədən bu prosesi görərək, addımlar atmalıdır, yəni o sahə üzrə kadrlar hazırlanmalıdır. Düşünmürəm ki, bu halda ciddi problemlər meydana gəlsin”.
 
 

O.Gündüzün sözlərinə görə, hazırda informasiya texnologiyalarının inkişafı Azərbaycanda iş yerlərinin azalmasına səbəb olmur: "Hələ ki, bununla bağlı ölkədə ciddi narahatlıq yoxdur. Amma gələcək üçün belə bir təhlükəni proqnozlaşdırmaq mümkündür. Azərbaycanda İT sahəsi üzrə mütəxəssislər çatışmır. Gələcəkdə Azərbaycana İT mütəxəssislər daha çox lazım olacaq. Ona görə də, bu istiqamətdə addımlar atmaq vacibdir”.

İnsan əməyi minimuma endirilir 

"PSG Management systems” şirkətinin İnsan Resurslarının İdarəedilməsi üzrə məsləhətçisi Taleh Qasımov "Kaspi”yə açıqlamasında bildirir ki, elmi-texniki dəyişikliklərin insan həyatına və biznesə təsiri sürətlənib: "1940-cı illərdə kompüterlərin ilk versiyası yaradıldı. 40 il ərzində kompüterlər inkişaf yolu keçərək, müasir vəziyyətə gəldikləri halda, smartfonların peyda olmasına cəmi 10-15 il lazım oldu və 2000-ci illərin əvvəllərində onlar istifadəyə buraxıldı. Texnika və texnologiyanın sürətli inkişafı qaçılmazdır. Hazırda süni intellektin məlumat bazasından istifadə də güclənir. Bununla yanaşı bir sıra peşə sahələri avtomatlaşdırılır, insan əməyi minimuma endirilir. Elmi texnologiyanın inkişafı daha çox süni intellekt, nano-texnologiya, robotlaşma, rəqəmsallaşma kimi istiqamətlərdə gedir. Amma onların emosional tərkibi yoxdur. Misal üçün, hansısa bir ölkədə ancaq robotların işlədiyi bir aptek olsa, insan həmin aptekdən təbii ki, narazı gedəcək. Baxmayaraq ki, robot resepti də oxuyacaq, dərmanı da düz verəcək, amma insan aptekçi ilə ünsiyyətindən aldığı rahatlığı robotdan ala bilməyəcək. Hələ ki, süni intellekt, böyük bigdata kimi texnologiyaların tətbiqini, emosiyaların olmamağı məhdudlaşdırır.  İnsanı avtomat maşından fərqləndirən emosional hislərin olmasıdır”.
 

 
Biznes təhsil və elmlə öz əlaqələrini gücləndirməlidir 
 
T. Qasımov qeyd edir ki, işsizlik məsələsinə gəlincə isə bu qarşısı alınan bir məsələdir: "Məncə, bir qədər çətin olsa da, bunun həlli var. Çünki bu cür inkişaf etmiş texnologiyaları da insan özü kəşf edir. İnsan istəsə, bunun da çıxış yolunu tapa bilər. İş yerlərinin azalmasının qarşısını almaq üçün isə ilk növbədə həm təhsil sistemi, həm də şirkətlər və dövlət qarşılıqlı şəkildə indidən hazırlıq işləri görməlidirlər. Bu işlər cəmiyyətin növbəti mərhələdə baş verəcəklərə hazırlıqlı olmaları üçün lazımdır. Biznes özünün müştərilərinin tələbatına uyğun olan texniki nailiyyətlərinin siyahısını tutmalıdır. Biznes təhsil və elmlə öz əlaqələrini gücləndirməlidir. Yəni biznes üçün tələb olunan elmi texniki tərəqqilər təhsil sisteminə ötürülməlidir”. 
 
T. Qasımov deyir ki, bu işdə təhsilin də rolu böyükdür: "Elmi texniki tərəqqinin cəmiyyətə mənfi təsirini azaltmaq üçün təhsil sistemi akademik biliklərlə praktik biliklər arasındakı boşluğu azaltmalıdır.  Hazırda bir çox təhsil ocaqları sırf nəzəri biliklərlə kifayətlənir. Təəssüf ki, universiteti bitirən gənc bu zaman o biliklərlə iş tapmaqda çətinlik çəkir. Artıq bu zaman təhsil bizneslə əlaqəyə girib, ona lazım olan kadrı hərtərəfli  hazırlamalıdır. Yəni daha asan dildə desək, təhsil biznesdən soruşmalıdır ki, mən nəyi öyrətməliyəm ki, sənin tələblərinə uyğun olsun.  Bu zaman universiteti bitirən tələbə hər cür texniki inkişafa hazır olacaq və iş tapması asanlaşacaq”. 
 

 
Robotlaşdırma sistemindən qorxmamalıyıq
 
Təhsil Eksperti Etibar Əliyev deyir ki, təhsil sistemimiz  hələlik rəqabət yönlü olmadığına görə, robotlaşdırma sistemindən qorxmamalıyıq: 

"Əlbəttə, texnologiya inkişaf edir,  informasiya və kommunikasiya texnologiya alətləri təkmilləşir. Robotun insanı əvəz etməsi Qərbdə gündəmdədir. Kimya, fizika, həmçinin tibb elmində bizdən öndə olduqları kimi, bu sahədə də yetərincə inkişaf ediblər. Hər hansısa bir ölkədə oteldə qeydiyyat şöbəsindəki insanı robot əvəz edəcəksə, bu o demək deyil ki, bizim ölkədə də belə olacaq. Bizim ölkə üçün hələ ki,  bu barədə danışmaq tezdir.  Həmçinin bizdə o cür ağıllı robotların istehsalı hələ elə də yüksək səviyyədə deyil. Təbii ki, bunda təhsilin rolu böyükdür. İstər ölkəmizdə, istər xarici ölkədə informasiya texnologiyaları üzrə təhsil alıb qayıdanlar hələ belə bir işə imza atmayıblar. Yəni insanı əvəz edəcək robot yaradılmayıb. Bu dünyada baş versə də, bizim ölkəmiz üçün müəyyən qədər zaman lazımdır. Hətta əvəz etsə belə, məncə bu, müəyyən konkret sahələrdə baş verəcək. Düşünmürəm ki, kütləvi şəkildə əmək bazarında insan əməyini robot əvəzləyə bilər. Bizim təhsil sistemimiz  hələlik rəqabət yönlü olmadığına görə, robotlaşdırma sistemindən qorxmamalıyıq”.
 
 
 
İqtisadi uzaqgörənlik işsizlik problemini böyüməyə qoymayacaq
 
Jurnalist-sosioloq Lalə Mehralı deyir ki, texnoloji alətlərin bir sıra hallarda insanı əvəz etməsi mümkündür: "Əvvəllər bir zavodun və ya fabrikin fəaliyyəti üçün 300-500 adama ehtiyac vardısa, indi 40-50 nəfərlə eyni işi görmək mümkündür. Sadə bir misal çəkim.  Bakı biskvit fabrikində olanda orda paxlava hazırlayan cihazla tanış oldum. Paxlavanın hazırlanması bilirsiniz ki, mərhələ-mərhələ mümkündür. Əvvəlcə un ələnməli, sonra xəmir hazırlanmalı, sonra kündələr halına salınmalı, daha sonra yuxalar yayılmalı, qatlar arası yağlanmalı, içlik tökülməli, kəsilməli, üzəri bəzənməlidir. Bu işi əvvəllər ən az 3-4 nəfərlik qrup halında şirniyyatçılar edirdi. Amma indi Almaniya istehsalı olan o cihaz hazırlayır. Sadəcə, nəzarət etmək üçün bir nəfər işçiyə ehtiyac var”.
 
Sosioloq  qeyd edir ki, kiçik və orta sahibkarlığa dəstək göstərməklə, insanlara öz işini qurmağa kömək edilir: "Eynilə başqa sahələrdə də belədir. Əvvəl pambıq, çay əllə yığılırdı, indi bu işi texnika görür.  Suvarma işi ilə işçilər  məşğul olurdu, indi əkin sahələrini xüsusi sistem sayəsində nəzarətsiz də suvarmaq mümkündür. İşimiz texnikanın sayəsində yüngülləşir, bu doğrudur, lakin bu inkişaf işçi qüvvəsini də sıxışdırır. Buna baxmayaraq, indi müasir və alternativ iş yerləri açılır, bu kimi hallara hökumətlər hazırlıqlı olur. Tutaq ki, əvvəl yüzlərlə adamın işlədiyi zavod indi daha az işçi qüvvəsi ilə işləyir. Digər işsiz qalanlar isə fərqli sahələrdə işlə təmin edilirlər. Məsələn, əvvəllər özəl sektor bu qədər inkişaf etməmişdi, işəgötürənlər, sahibkarlar bu qədər çox deyildi. Sahibkarlığın inkişafına imkan yaratmaqla, işsizlik problemi də həll edilir. Kiçik və orta sahibkarlığa dəstək göstərməklə, insanlara öz işini qurmağa kömək edilir. Kiçik bir problem var - öz işini qurmaq istəyənlərin əksəriyyəti kişilərdir. Qadınlara bu məsələdə istiqamət vermək lazımdır. Nə istehsal etmək olar, məhsulunu necə bazara çıxarmaq lazımdır, qiymət təyinatını necə etmək lazımdır və s. Qadınlarımız bir qədər cəsarətləndirilməlidir. Onların əl əməyini, məhsulunu sata bilməsi üçün şərait yaratmaq lazımdır. Məncə, iqtisadi uzaqgörənlik, dəqiq hesablanmış addımlar işsizlik problemini böyüməyə qoymayacaq”.