"Azərbaycan Dəmir Yolları” QSC daha 2 ədəd KISS markalı ikimərtəbəli elektrik qatarı alıb. Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində işləyəcək bu qatarlar artıq Bakı sərnişin stansiyasına gətirilib.
Nəqliyyat üzrə ekspert Azər Allahverənov Qaynarinfo-ya bildirib ki, əlavə qatarların istifadəyə verilməsi ilə perspektivdə minimum 20 min sərnişinin gündəlik daşınmasına nail olmaq mümkündür: "Bakıətrafı qəsəbələri və Bakı ilə Sumqayıtı əlaqələndirən dəmir yol şəbəkəsi üçün yeni qatarların gətirilməsi və istifadəyə verilməsi müsbət haldır. Əvvəlki illərə baxanda Bakı-Sumqatı qatarı ilə daşınan sərnişinlərin sayında əhəmiyyətli artım var. Əlavə qatarların istifadəyə verilməsi ilə yaxın perspektivdə minimum 20 min sərnişinin gündəlik daşınmasına nail olmaq mümkündür. Yeni qatarların sürət imkanları daşınma vaxtını azaldır bu da intervalı daraltmağa imkan verəcək.
İnsanları sürət qatarlarına yönəltsək, bu, Bakı-Sumqayıt yolunda olan avtomobil sıxlığını da azaldacaq. Növbəti mərhələdə bu günə nisbətən əlavə 10 min sərnişin dəmir yolundan istifadə etsə, bu, təxminən, 1200-1300 avtomobillə sərnişin daşımaya olan ehtiyacın azalması deməkdir".
"Eyni zamanda bəzi faktorların mövcudluğu bu prosesi kifayət qədər sürətləndirə bilər. Belə ki, sürət qatarlarından istifadə təşviq olunmalıdır. Digər tərəfdən, Sumqayıtın ictimai nəqliyyat infrastrukturu təkmil səviyyəyə gətirilməlidir. Çünki Bakıdan fərqli olaraq orada ucqar bir nöqtədən dəmir yolu vağzalına çatmaq xeyli əziyyətli işdir. Buna görə ictimai nəqliyyat infrastrukturu elə təşkil edilməlidir ki, insanlar Sumqaytın istənilən nöqtəsindən vağzala maksimum operativ gəlsinlər. Burdan isə qatarla rahat formada və sürətlə təyinat yerinə çatsınlar. Bu həm də bir vətəndaş məmnunluğu məsələsidir. İnsanlar uzun illərdir belə yüksək keyfiyyətli xidmətdən məhrum idilər. Buna görə də əsas hədəf dəmir yolunun təqdim etdiyi bu cür xidmətdən daha çox insanın maksimum yararlanmasını təmin edəcək təkmil infrastruktur formalaşdırmaqdır", - ekspert diqqətə çatdırıb.
Xatırladaq ki, İsveçrənin "Stadler Rail Group” şirkəti ilə 18.01.2018-ci ildə bağlanan müqaviləyə əsasən alınan hər biri 4 vaqondan ibarət qatarda birinci sinif (9 yer), biznes (62 yer) və standart (300 yer) olmaqla, cəmi 371 oturacaq yeri var.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin "Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu günədək, "Azərbaycan Dəmir Yolları” QSC "Stadler Rail” şirkətindən hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı alıb. Bu qatarlar Bakı-Gəncə, Bakı-Sumqayıt və Bakı-Pirşağı marşrutlarında işləyir.
Şərhlər