Hüseynbala Səlimov
Siyasət 13:00 19.12.2017

İnsanlarla adamların savaşı

Hüseynbala Səlimov

Totalitar demokratiyanın tənqidçiləri söhbətlərini həmişə qədim Afinadan başlayırlar, necə ki, inqilabları sevməyənlər birinci növbədə Böyük Fransa İnqilabını, Robespyeri, gilyotinanı yada salmaqdan sanki zövq alırlar.

Afina demokratiyası məhdud idi, yalnız azad vətəndaşlara, özü də kişilərə şamil olunurdu. Bununla belə ilk qeyri-institusional demokratiya idi və sözsüz, ondan daha çox birbaşa demokratiyanın ilk təcrübəsi kimi danışmaq lazım gəlir.

Fikrim Sizin üçün demokratiyanın tarixini saf–çürük eləmək deyil, Perikl də hamıya yaxşı tanışdır, Afina demokratiyası da. Mən başqa bir məsələni düşünmək istəyirəm, o, da diqqətinizə ərz etməkdir ki, Dünyada ən çətin məsələ bizim bir atalar sözünə əməl etmək və ya onun məntiqilə yaşamaqdır. 

Bu atalar sözüsə odur ki, PALAZA BÜRÜN, ELNƏN SÜRÜN ... Əslində bəşər övladı sürü halından bəlkə də milyon illər əvvəl çıxıbdır. Amma niyə sürü psixologiyasının elementlərini indiyədək saxlayır– bax, bunu başa düşmək çətin məsələdi.

Hərçənd, hər dəfə xatırlamaq lazım gəlir ki, adam həm də bioloji varlıq sayılır, sürü psixologiyası da yəqin buradan qaynaqlanır.

Afinanı da təsadüfdən xatırlamadıq. Min illər əvvəl məhz o şəhərdə despotları devirib, çoxluğa azadlıq və hüquq verdilər. Tarixin ən mühüm dönəmlərindən idi bu! Amma Afina demokratiyası da müstəbidlər kimi yaşatdıqları ilə yox, öldürdüklərilə, daha çox da bircə qətllə yadda qaldı; bir gün azad çoxluq azad insanı – Sokratı zəhər içməyə vadar etdi...

Adamlar çox qətllər törədib. Heç onu demirəm ki, yüz minlərlə, hətta milyonlarla adamın ölümü ilə nəticələnən müharibələr də olub. Amma daha çox iki qətl yadda qalıbdır ki, biri Sokratın qətlidir, digərisə İsa –Məsihin...

Bəlkə də hamı ilk dəfə məhz bundan sonra ciddi şəkildə düşünməyə başladı ki, görəsən, öldürmək hüququnu adamlara vermək nə dərəcədə düzgündür?..

Sokrat kim olub, kim olmayıbdır– bu, da hamıya bəlli... Bircə onu deyəcəm ki, bütün fəlsəfənin tarixi iki dövrə bölünür; Sokrata qədərki və Sokratdan sonrakı dövr.

Mənim üçün bu da önəmli deyil, önəmli olanı odur ki, məhz Sokratın qətli göstərdi ki, hətta çoxluq da və yaxud da Sokratın öz dilində desək, demos da müstəbid ola bilir, azad insanı, başa düşmədiyi, özündən fəqrli saydığı insanı zərrəcə tərəddüd etmədən həyatdan məhrum edir... 

Sonradan müsyö Russo demosun suveren hüquqlarını təzədən ona qaytarmağın zəruriliyini əsaslandırmaq fikrinə düşəndə digər avropalı müttəfəkkirlər-Volter, Didro və başqaları bundan bərk ehtiyatlanmağa başladılar. 

Volterin Russoya ünvanladığı qınaq indi də yaddan çıxmayıb. O, Russoya yazmışdı ki, Sizin yazıları oxuyanda adamın ürəyindən əlləri üstə gəzmək keçir! 

İllər keçdi, demosla bağlı baxışlar bir az da cilalandı və insanlar bu "demos” sözünün ardına "kratiya” sözünü yapışdırmazdan öncə xeyli düşünüb daşınmalı oldu; ən əvvəl ABŞ-da çoxdan unudulmuş məhdud demokratiya yenidən quruldu, Konstitusiya qəbul edildi, T.Cefferson bu Konstitusiyaya ilk 10 düzəlişi əlavə edə bildi, daha sonra Böyük Fransa inqilabı oldu və daha nə bilim, nələr və nələr...

Nəhayət, hamı qərara gəldi ki, hakimiyyəti demosa vermək olar və bu, hətta lazımdır da, amma əvvəlcə onu yaxşıca məhdudlaşdırmaq lazımdır, çünki Aristotelin təsnifatı, müxtəlif hakimiyyətlər arasındakı çevrilmələri özündə ehtiva edən keçidləri bir tərəfə, artıq "Çoxluğun tiraniyası” deyilən anlayış da şüurlarda yaman möhkəmcə oturuşmuşdu.
Qərəz, demokratyanın çox təsnifatları var indi. Biri də budur ki, demokratiyalar iki qrupa bölünür: totalitar və liberal demokratiyalar. Bu gün daha çox təsadüf edilən isə birincisi - totalitar demokratiyalardır. 

Bunlar yalnız düzgün seçki keçirməyi öyrənən, hakimiyyət bölgüsünü alababat təmin edən, müasirliklə köhnəliyin sintezindən doğan, dözüləsi adlandırıla biləcək qanunlar qəbul edən ölkələrdir. 

Bu ölkələrdə AZADLIQ və FEMİDA tərəzisinin bir gözü daha çox çoxluğun və yaxud indiki dildə desək, millətin tərəfinə əyilir. Məsələn, hazırda yeganə müsəlman demokratiyası sayıla biləcək və öydüyümüz Türkiyə demoklratiyası hələki bu səviyyədə qalmaqdadır. Hərçənd ki, hamımız gileyliyik ki, niyə Ankaranı Avropa Birliyinə qəbul etmirlər?!..

Nəhayət, gəlirəm, söhbətin ən qəliz bir yerinə-özümüzə. Bizdə nə totalitar demokratiya var, nə liberal, çünki nə seçkilərimizdə öyünüləsi bir şey var, nə də vətəndaşlara verdiyimiz hüquqlarda. Əvəzində məmurlarımıza, bizi idarə edənlərə az qala, qeyri–məhdud səlahiyyətlər və yaxud da imtiyazlar vermişik ki, bu, da onların iştahını gündən–günə artırır... 

Bu yerə gələndə, çoxluq-demos yaxasını qırağa çəkir ki, biz heç kimə heç nə verməmişik, heç nədən də xəbərimiz yox! Deyirsən ki, qardaşlar, axı bunların hamısı sizin adınızdan danışır, bütün qərarlar və qaydalar da sizin adınızdan təqdim olunur!

Xeyri yoxdur, hamı lap bir filmdə olduğu kimi qayıdır ki: net, niçeqo ne videl, niçeqo ne slışal...

Nə deyəsən, kimi qınayasan, yamanlayasan və kimin yaxasından yapışasan?!. Qətiyyən bilinmir! Ona görə də adamın ağlına əcaib-qəraib fikirlər gəlir. 

Qərəz, tarixin özü çox yozulub və izah edilibdir. Biri deyir ki, tarix siniflərin mübarizəsidir, başqası ərz edir, tarix millətlərin çəkişməsidir!..

Mənsə başqa cür deyərdim. Deyərdim, əzizlərim, tarix İNSANLARLA ADAMLARIN mübarizəsidir!..

Əvvəllər adamlar olublar. Sonra ilk insanlar meydana çıxmağa başlayıbdır. Adamlar ovdan qayıdıb bitlərini təmizləməklə məşğul olanda həmin o ilk insan əlinə daş və yaxud da dəmir parçası alıb qaya üstündə şəkil çəkməyə başlayıb. Bax, elə onda da ilk İNSAN yaranmağa başlayıb...

İndi min illərdir, insanlarla adamların mübarizəsi gedir. İnsanlar da artıb–çoxalıblar, amma yenə də adamlar insanlardan qat-qat çoxdur, demoslar da hələki daha çox adamlardan təşkil olunub. Ona görə də bu xəmir hələ çox su aparacaq, İNSAN qardaş...