Texnologiya 21:56 14.10.2017

İnternetin 7 faydası

İnternet insan həyatına daxil olmuş yeni bir kəşfdir.

Bu texnologiyanın təqribən 40 yaşı var. Yeni olmasına baxmayaraq bütün dünyaya səs salmağa, məşhurlaşmağa və insanların həyatına daxil olmağa tez bir zamanda nail olub. Dünyada təxminən 1,8 milyard insan internetdən istifadə edir. Hər 10 asiyalıdan biri internet istifadəçisidir.
"Qaynarinfo" xəbər verir ki, son 12 ildə dünyada internet istifadəçilərinin sayı təxminən 12 dəfə artıb.

İnternet aləmi virtual bir dünyadır. Bu dünyanın hüdudu yoxdur. O, sərhədsiz bir dünyadır. İnternet insan həyatında çox böyük təsirə malikdir. Əksər vaxtlarda internetin, yüksək texnoloji inkişafın mənfi tərəflərini müzakirə edirik. Bu dəfə isə sizə internetin faydalarından danışmaq istəyirik.

İnternetin faydaları

1. İnternet nəhəng bir kitabxanadır: Ağla gələn hər mövzuda araşdırma apara bilər, qaynaqlar, kitablar, məqalələr tapa bilərsiniz.

2. İnternet bir media vasitəsidir: Qəzetlər, jurnallar, yazarlar, internet xəbər saytları, son dəqiqə xəbərləri əlinizin altındadır. Hətta internet vasitəsilə radio dinləyə bilər, TV də izləyə bilərsiniz. Digər media vasitələrindən əsas fərqi isə istifadəçilərinin sayının 50 milyona çatması radio üçün 38, televiziya üçün 13, internet üçün isə 4 il vaxt kifayət edir.

3. İnternet virtual bir bankdır: İnternet vasitəsilə hər növ nəğdləşdirmə əməliyyatları apara bilərsiniz.

4. İnternet virtual bir dövlətdir: Dövlət saytları üzərindən bir çox rəsmi əməliyyatlar artıq internet üzərindən reallaşdırıla bilməkdədir. Məsələn, qanun pozuntusu cəzası ödəmək, məlumat əldə etmək, imtahan müraciəti etmək və s.

5. İnternet virtual bir mağazadır: Alış-veriş saytları, səhifələri vasitəsilə ağılınıza gələ biləcək hər cür əşya, geyim və ya vəsait satın ala bilərsiniz.

6. İnternet bir paylaşma vasitəsidir: Öz fərdi saytınızı, səhifənizi (blogunuzu) bir neçə dəqiqədə yarada bilər, yazı, şəkil, fayl kimi paylaşmaq istədiyiniz hər şeyi dünya səviyyəsində paylaşa bilərsiniz.

7. İnternet bir əyləncə vasitəsidir. Belə ki, siz internet üzərindən musiqi, film, video, karikatura, oyunlar, tv, radio və s. kimi müxtəlif əyləncə vasitələrindən istifadə edə bilərsiniz.

Nərmin Həsənli
Qaynarinfo.Az