Foto 17:23 09.01.2018

Özünü dənizə atan gənc şairin meyiti tapıldı (YENİLƏNİB/FOTOLAR)

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında şair Məlik Cahanın meyitinin tapılması ilə bağlı məlumat yayımlanıb. Məlumatda deyilir:

"Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08 yanvar 2018-ci il tarixində 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb. Yanvarın 9-da C.Məlikovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 300 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb".
 
***
16.16 
 
İntihar edən gənc şair Məlik Cahangirovun axtarışları davam edir.
 
Qaynarinfo xəbər verir ki, Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış. Yanvarın 31-i isə hərbi xidmətə getməyə hazırlaşırdı. O ötən gün özünü dənizə ataraq intihar edib.

Hazırda Dənizkənarı Parkda Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarışlar davam edir. Qaynarinfo-nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, gəncin dostları və qohumları da axtarış aparılan ərazidədir. Olay yerində intihar edən gəncin üst geyimi və sənədlərinin tapıldığı bildirilir.

Gənc şairin adının açıqlanmasını istəməyən qohumu Qaynarinfo-ya bildirib ki, Məlik Cahangirovun ailəsi ilə heç bir problemi olmayıb:
 
"Evdə heç bir problemi və sıxıntısı olmayıb. Sadəcə, universitetdə kəsri var idi. Demişdi ki, kəsr məsələsi həll olunub. Amma həll edə bilməyib. Bir də xahiş edirəm saytlarda səhv məlumatlar yayımlayıb, Məlikin ailəsini üzməsinlər. Gördüyünüz kimi hələ cəsədi tapılmayıb".
 
Fövqəladə Hallar Nazirliyinin axtarış aparan nümayəndələri ilə danışmaq istəsək də, onlar açıqlama vermək istəmədilər. 
 
Gəncin qohumları isə axtarış işlərindən narazıdır:

"Bizə məlumat verdilər ki, Bulvarda işləyən mühafizə xidmətinin əməkdaşları Məlikin özünü atdığını görüb. Amma dünəndən bu günə kimi o meyiti tapıb bizə təhvil verə bilmirlər. Niyə görə? Çünki güclü axtarış getmir. Bir nəfər düşür suya. Belə olmaz axı. İndi jurnalistlərin gəldiyini görüb axtarışı
gücləndiriblər".
 
Lalə Niftaliyeva