Ölkə 10:47 18.05.2013

“İqtidarla müxalifətin öz kölələri var”

 “Gah deyiblər masondur, gah deyiblər geydir, gah adımı agent qoyublar” 

Yazıçı-publisist Seymur Baycanla AXCP sədri Əli Kərimli arasında məktub qalmaqalı yaşanıb. Yazıçı facebook səhifəsində yazdığı statusda bildirmişdi ki, AXCP sədrinə yazdığı məktuba cavab ala bilməyib. Yazarla partiya sədri arasında yaşanan bu məktub qalmaqalı bu gün daha da böyüyüb. Belə ki, AXCP-nin Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı yazdığı qeyddə S.Baycanı Ə.Kərimliyə şər atmaqda günahlandıraraq ondan bunun səbəblərini soruşub. 

“Seymur Baycan ötən gündən bəri Əli Kərimli haqqında ikinci yalanı danışır. Deyir ki, Ə.Kərimliyə iki aydır məktub yazıb və cavabı iki ay sonra alıb. S.Baycan aprelin 5-də Əli bəyə məktub yazıb. Nardaran aksiyası zamanı. Heç bir ay da olmayıb, Əli bəy cavabında gec yazdığı üçün üzrxahlıq da edib. Seymur bəyin iki yalanı yazmaqda məqsədi nədir, mənə çatmır?! Əvvəl yazmayıb deyir, sonra iki ay sonra yazdığını deyir. Seymur bəy, sən sıradan biri deyilsən, tanınmış yazarsan, partiya lideri haqda istədiyini yaza bilərsən, mən zəng edib, bunu Əli bəydən dəqiqləşdirə bilmərəm?! Bu boyda boş-boşuna yalan üzərində qurulmuş həngaməyə susmalıyam?”

Ə.Qurbanlının sözlərinə görə, Ə.Kərimli S.Baycanın aprelin 5-də yazdığı məktuba mayın 2-də cavab yazıb. S.Baycan da öz növbəsində AXCP rəsmisinin bu ittihamlarına sərt sözlərlə cavab verib. Yazıçı Ə.Kərimlinin partiya üzvlərinə onu söydürmək üçün xüsusi tapşırıq verdiyini iddia edib. O, müxalifət düşərgəsinin ünvanına da sərt tənqidlər ünvanlayıb: “Əli Kərimlinin partiya tapşırığı yüksək səviyyədə yerinə yetirilmişdir. Bir statusa verilən reaksiya, yazılan şərhlər həqiqətən də müxalifətin nə gündə olduğunu ortaya qoydu. Özləri-özlərini babat ifşa etdilər. Kef idi. Dəftərsiz-kitabsız aparılan mübarizənin sonu Elman Türkoğlu olmaqdı. Uşaq-muşağı qoyduq kənara, orda ki, məni tanıyanlar var. Bilmirlər kimin üstünə gəlirlər? Sözün açığı, vəziyyəti nəzərə alıb, məsələni ciddiləşdirmək istəmədim. Həm də indi roman yazıram. Amma yazıldı dəftərçəyə, nəzərə alınacaq”.

Biz də hazırda Tiflisdə olan postmodernist yazarla həm bu qalmaqal, həm də qonşu ölkənin paytaxtında keçirilən gey-parada qatılma planı ilə bağlı danışdıq.

Müsahibimiz öncə dedi ki, Azərbaycan müxalifəti ilə bağlı fikirlərini yanvar ayında yayımlanan “Müxalifətin qış, yaz, yay, payız yuxusu” adlı köşəsində qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda lider yoxdur: “Mentalitetdən, mollalardan, meyxanadan, muğamdan, Ramil Səfərovun baltasından qorxmalarına elektoratı itirmək adı qoyublar. Ən absurd hərəkətlərinə siyasət adı qoyan kimi. 60-cıları dissident kimi qəbul edən adam hansı siyasi dəyişikliyi edə bilər?”

S.Baycandan “İlham Əliyevin adını çəkməyə qorxur, müxalifətə isə hücum çəkir” ittihamlarına da münasibət öyrəndik. Müsahibimiz dedi ki, İlham Əliyevin adını çəkməməsi məsələsinə öz müsahibəsində aydınlıq gətirib: “Mən onun adını çəkməyə qorxuram. Ola bilsin ki, sabah Əli Kərimli də hakimiyyətə gələndə onun da adını cəkməyə qorxdum. Çünki dünəndən bəri bütöv bir partiya bir facebook statusuna görə üstümə gəlib, səfərbər olunub və rəhbərlik tərəfindən də təlimat almaları açıq-aşkar ortadadır”.

Müsahibimizdən yazılarında İ.Əliyevin adını çəkməyə qorxmasının səbəblərini soruşduq. Dedi ki, bir dəfə sərt yazı yazandan sonra gecə yuxusunda İ.Əliyev onu hədələyib: “Sözün həqiqi mənasında bərk qorxdum. Bir həftə səksəkə içində gəzdim o yuxunu görəndən sonra. Bütün əsəb sistemim pozuldu, uzun müddət müalicə olundum”.

S.Baycan onun tənqidinin liderlərə yönəldiyini vurğuladı. Sıravi, mitinqdə döyülən müxalifətçilərə qarşı hər hansı narazılığı yoxdur: “Mənim tənqidlərim xoş niyyətdən doğur. Demokratik düşərgədə məni yaxından tanıyan adamlar var. Başqalarının nə düşünməsi maraqlı deyil. Digər tərəfdən, heç kim narahat olmasın. Rotterdamlı Erazm öz əqidəsindədir”.

“Secki ilində müxalifəti hədəfə çevirməyini hakimiyyətin əlinə işləmək kimi qiymətləndirənlər də var” yanaşmasına münasibətdə isə S.Baycan dedi ki, onunla bağlı bu cür söhbətlər hər zaman olub: “Daima haqqımda müxtəlif fikirlər səslənib. Gah deyiblər masondur, gah deyiblər geydir, gah adımı agent qoyublar. İqtidarın öz kölələri olduğu kimi, müxalifətin də öz kölələri var. Xalq, hakimiyyət və müxalifətin bir Allahı var: bu, AzTV-dir. Sadəcə xalq bir məsələdə narazıdı - hakimiyyət bir az çox oğurlayır. Qalan bütün məsələlərdə bir yerdədirlər. Meyxana, toyxana, dolma, sarı gəlin, muğam. Əli Həsənovun bir barmaq işarəsi ilə YAP-ın qərargahında Ramil Səfərovun baltası ətrafında birləşmələri sübut etdi ki, Azərbaycanda müxalifət və iqtidar yoxdur. Azərbaycanda dominant AzTV təfəkkürü var. Kim bu təfəkkürdən bir balaca kənara çıxırsa, cəmiyyət onu yad element kimi qəbul edir.

S.Baycan bizimlə söhbətdən dərhal sonra Tiflisdə keçiriləcək gey-parad barədə də danışdı. Dedi ki, Tiflisə səfərinin səbəbi bu aksiya deyil: “Mən hazırda əsər yazıram. Puç olmuş arzular, xəyallar haqqındadır. Həm də indiki zamanda sevginin olmaması haqqında. Amma gey-paradda iştirak edəcəm. İyunun 2-də başqa bir mitinq var. Orada da xeyli adamın iştirak edəcəyi gözlənilir. Ümumiyyətlə, deyəsən ilk mədəni inqilabı da gürcülər edəcək. Nəsillər arasında böyük uçurum yaranıb. Yeni nəsil hər şeyi inkar edir. Bu parad da mənim üçün maraqlıdır. Deyəsən qarşıdurma gözlənilir”.

Postmodernist yazar bu aksiyaya qatılacağı üçün barəsində səslənəcək fikirlərdən də narahat deyil: “Yox, öyrəşmişəm. Mən o cür möhürlərə fikir versəydim, çoxdan mövcudluğumu itirərdim. Tam tərsinə, mənə qarşı olan nifrət məni ilhamlandırır”. /Yeni Müsavat/