Ekonomiks 13:36 19.06.2019

İqtisadçı ekspert: “Özəl sektorda da maaş artımı olacaq”

Dünən prezident İlham Əliyev minimum əmək haqlarının və dövlət sektorunda çalışan işçilərin əmək haqqlarının artırılması barədə sərəncam imzalayıb.

Bəs görəsən bu artımların özəl sektora təsiri olacaqmı? Dövlət hansı stimullaşdırıcı addımlar ata bilər?

EkoNews məsələ ilə bağlı iqtisadçı-eksper Elşad Məmmədovla danışıb.
 


Ekspert bu sərəncamın dövlət sektou ilə büdcədən maliyyələşən təşkilatlarla yanaşı özəl sektora da müsbət təsiri olacağını deyib:

"Dövlətin stimullaşdırıcı addımı odur ki, minimum əmək haqqları qaldırıldı. Minimum əmək haqqını artırandan sonra vahid tarif cədvəlinə uyğun olaraq 14 kateqoriya üzrə maaş alan, dövlət sektorlarında, büdcə təşkilatlarında çalışan işçilərin maaşlarına bunun birbaşa təsiri olur. Özəl sektor sözsüz ki, dövlət sektorunda əməkhaqqı artımına uyğun olaraq tədricən əmək haqqlarını artıracaq. Bu məsələnin birinci tərəfi idi. İkinici tərəfi isə, özəl sektorda 250 manatdan aşağı maaş alan işçilər var idi. Bu qərardan sonra onların maaşları da artırılıb 250 manat ediləcək. Sentyabr ayının 1-dən etibarən özəl sektorda da 250 manat maaşdan aşağı maaş vermək qadağan olunacaq”

Elşad Məmmədov sərəncamın daxili bazara da müsbət təsir edəcəyini bildirib: "Eyni zamanda bu daxili bazarın genişlənməsidir. Daxili bazarın genişlənməsi işgüzar fəallığın artımıdır, işgüzar fəallığın artımı da sözsüz ki daha yüksək gəlirlərin əldə olunması və daha yüksək əmək haqqlarının verilməsi deməkdir”