Sənət 12:56 03.12.2017

İradəli insanlar intihar etmir (HEKAYƏ)

Qaynarinfo Türkiyyənin tanınmış yazıçı-şairi Orxan Vəlinin intihara həsr etdiyi hekayəsini təqdim edir:

Ayağımın altındakı torpaq, ayaqqablarıma yapışmağa başladı. Getdikcə palçığa daha çox batırdım. Qarşıma baxdım: bataqlıq. Sağ tərəfə getsəm, qamışların arasında bir yol taparam deyə, düşündüm. O tərəfə getməyə başladım. Tamamilə bataqlığa batdım. Amma nə olur olsun, dənizin sahilinə çıxacam. İki il, dildə demək asandır. Gedəcəm, dənizə gedəcəm!

Topuğuma qədər palçığa girdim. Hər addım da bir az daha batırdım. Dayandım. Başımın üstündə böyük dəniz quşları görünməyə başladı. Bəyaz qanadlarını açıb, səs-küylə göydə dövrə vururdular. Necə vəhşi və qorxunc mənzərədir. Onların səsləri xaric, insanın tüklərini biz-biz edən ölüm səssizliyi var. Ölümü düşündüm. Ölümlərin ən pisi bir bataqlıqda çırpına-çırpına ümidin hər an bir az daha azaldığını görə-görə ölməkmiş kimi hiss etdim. O gəldi ağlıma. Dənizin uğrunda, dənizə toxunmağın uğrunda ölmək. Halbuki bundan əvvəl nə qədər ölümümə razı olduğum anlar olub. Razı olmaq da deyil, intihar etməyi düşündüm.

Bəzi insanlar intihar edən insanın güclü iradəsi olduğunu deyir. Mən buna inanmıram. İntihar idarəsizlikdir. Dünyadakı çətinlikləri yenə bilən, o iradəyə sahib insan ölümə belə rahat razı ola bilməz. Ölümə razı olan heç nə ilə mübarizə aparmayan, bu savaşda bütün ümidlərini itirən insandır. O ümidləri itirmək üçün insanı dünyaya bağlayan heç nə olmamalıdır. Nə pul, nə sevgi, nə söhbət, nə şərəf, nə də namus. Amma indi mən eləyəmmi? Heç nəyim olmasa da, gündə 5 lirə qazana bilərəm. 5 lirə az puldurmu?
 
Bu 5 lirə ilə qarnımı doydura bilər, isinə, geyinə və dünyada pulsuz olan hər şeydən yararlana bilərəm. Göy üzünün parlaqlığı, dənizin mavisi, ağacların yaşıllığı, torpağın istisi, suların səsi, havada uçan quşlar, rüzgarın gətirdiyi çiçək ətri... Bunlardan necə imtina edim? Yox, ölmək istəmirəm.
 
Bəs dəniz? Bax, 15 dəqiqəlik yolum qalıb. Dəniz quşları hələ də dövrə vurur. Dənizdən imtina etməyəcəm. Yenidən ətrafıma baxdım. Yəqin ki, bir az daha sağ tərəfə getsəm, quru bir yerə çataram. Yavaş-yavaş sulara, palçığa bata-bata o tərəfə doğru irəlilədim. Bir az da səy göstər! Bir az daha! Bir az daha!
Dediyim oldu. Üstündə toz təbəqəsi olan dümdüz, qupquru bir yerə gəlib çıxdım. Çatan kimi başladım qaçmağa. Dənizin sahilinə bir an əvvəl çatdım.
 
Qamışlarla örtülü bir təpəni aşdım. Sahildəydim. Ayaqlarımın altında qumla qarışıq balıq qulaqları. Sular ayaqlarıma gəlirdi. Dayaz bir sahil. Sahildən 3 metr aralı iri-iri şeytan minarələri, içi boş balıq qulaqları. Necə vəhşi dənizdir! Beləsini heç görməmişəm.
 
Bəyaz qanadlı quşlar səs-səsə veriblər başımın üzərində. İçimdə sonsuz bir sevic. Bağırmaq istəyirəm: "Boş ver"! deyə, hayqırmaq istəyirəm, "Beş lirəni də boş ver"!
 
Tərcümə etdi: Lalə Niftaliyeva