Aşıq sənəti dünyanın harasında yaşamasından asılı olmayaraq bütöv Azərbaycan xalqına məxsusdur

Xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişəndən sonra Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsinin icarası tapşırılmış Məhərrəm Qasımlının yarıtmaz fəaliyyəti, xüsusilə də İranda yaşayıb fəaliyyət göstərən aşıqlara qarşı düşmən mövqeyi haqqında dəfələrlə yazmışam. Bəziləri elə bilib ki, mən Məhərrəm Qasımlı ilə şəxsi ədavət aparıram. Doğrudur, onun qərəzli fəaliyyətindən zərər görənlərdən biri də mənəm. Belə ki, hələ rəhmətlik Zəlimxan Yaqubun Birliyə sədr olduğu vaxtda Bakıda Aşıq Ulduzla bağlı keçirilən böyük bir tədbirə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəvət almışdım. Həmin tədbirdə çıxışım zamanı özümün yaratdığım bir havanı ifa edərkən tədbirin aparıcısı olan Məhərrəm Qasımlı özünün başı çıxmadığı halda hər kəsin gözü qarşısında məni yalan danışmaqda ittiham etdi, bu havanı mənim yaratmadığımı dedi. Ondan bu dediklərini necə əsaslandıra biləcəyini soruşduqda isə (hələ də bu sualıma ondan cavab ala bilmirəm) nə deyəcəyini bilmədi. 

Amma mənim ondan narazılığımın səbəbi təkcə bu deyil. 

Bildiyiniz kimi, İranda uzun illər aşıqları öz ətrafında birləşdirən bir təşkilat olmamışdı. 2014-cü ildə nəhayət böyük zəhmətdən sonra buna nail oldum – İran Aşıqlar Birliyini yaratdıq. Bu təşkilat İranda rəsmi dövlət orqanları tərəfindən qeydiyyata alındı. Hətta Birliyin ilk təqdimat tədbirində Azərbaycandan gəlmiş aşıqlar və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, eləcə də, Azərbaycan Respublikasının Tehrandakı səlahiyyətli və fövqəladə səfiri də iştirak edib. 

Tehranda Aşıq Ələsgərə, Aşıq Şəmşirə, Zəlimxan Yaquba və aşıq sənətinin digər klassiklərinə həsr olunmuş böyük tədbirlər keçirmişik. Ancaq Məhərrəm Qasımlı bütün bunlara sevinmək əvəzinə Azərbaycandakı bəzi saytlara müsahibə verərək mənim yalan danışdığımı, İranda heç bir Aşıqlar Birliyinin olmadığını və ümumiyyətlə, Səlcuq Şahbazi adında aşıq tanımadığını deyib. Mən onun bu yalanı haqda Azərbaycanın kütləvi informasiya vasitələrində cavab vermişəm, hətta Mədəniyyət və Turizm (indiki Mədəniyyət) Nazirliyinə də yazmışam. 

Nazirlikdən mənə rəsmi olaraq cavab veriblər ki, M.Qasımlının mövqeyi nazirliyin mövqeyini əks etdirmir. Belə olanda mən tələb etmişəm ki, Məhərrəm Qasımlı söylədiyi yalana görə İranda yaşayan aşıqlardan üzr istəsin. Amma bu günədək ondan səs çıxmır. Və mən məcbur olub Azərbaycanın Xarici İşlər nazirliyinə də müraciət edərək bu suala cavab almaq istəmişəm: Əgər doğrudan da rəsmi məktubda mənə deyildiyi kimi, Məhərrəm Qasımlının mövqeyi Mədəniyyət Nazirliyinin mövqeyi ilə üst-üstə düşmürsə, o zaman bu adam kimin mövqeyinin ifadəçisidir? Məhərrəm Qasımlı Azərbaycan Aşıqlar Birliyinin sədridir, yoxsa sədr seçilənədək bu vəzifəni icra edən? Bu vəzifə ona tapşırılandan sonra Məhərrəm Qasımlı niyə İranda yaşayıb fəaliyyət göstərən aşıqlara ögey münasibət göstərdi, heç bir tədbirə dəvət etmədi? İranda Aşıqlar Birliyinin yaranmasına sevinmək əvəzinə niyə hətta bunu dandı? Görəsən Məhərrəm Qasımlı bilirmi ki, aşıq sənəti UNESCO-da ayrıca bir dövlətin deyil, bir millətin milli-mənəvi sərvəti kimi qeydiyyatdan keçib və İranda yaşayıb fəaliyyət göstərən aşıqlar onun rəhbərlik etdiyi birliyin üzvlərindən qat-qat çoxdur? Niyə müntəzəm olaraq qarşılıqlı əlaqələr qurub fəaliyyət göstərmək əvəzinə düşmənçilik yolunu tutub? Lap tutaq ki, məndən xoşu gəlmir, bəs bütün aşıqlarımız və aşıq sənəti ilə niyə düşmənçilik edir? 

Məni tanımayan M.Qasımlı bəs deyə bilərmi, ORXAN PAŞA kimdir? Necə oldu ki, Aşıqlar Birliyi ona tapşırılandan sonra Məhərrəm Qasımlı dönüb ORXAN PAŞA oldu və aşıqlar ancaq ondan oxumağa başladı (onun tədbirlərinə və apardığı verilişlərə televizorda baxmaq kifayətdir ki, bunu görəsən. Hətta bir verilişdə ingilis dilində də oxutdururdu öz şeirini)? İndiyədək (elə indinin özündə də) Azərbaycanda Orxan Paşa adında şair tanıyan vardımı? 

Məhərrəm Qasımlıdan bir şey də soruşmaq istəyirəm ki, aşıq havalarının adını istədiyi kimi dəyişməyə ona kim ixtiyar verib? İllərdir hər yerdə "Qaraçı” kimi tanınan məşhur aşıq havasına "Dərvişi” deyir? Daha neçə havanın da adını dəyişib. Bunları edərkən hansı ustad aşıqlarla məsləhətləşib? Yaxud aşıqların geyimini dəyişərkən nəyə əsaslanıb, kimin fikrini öyrənib? 

Aşıq sənətinə belə yersiz və naşı müdaxilələrə qarşı mübarizə aparmaq bizim də borcumuzdur və ola bilsin ki, Məhərrəm Qasımlının rəhbərlik etdiyi birliyə üzv olan aşıqlar hansısa səbəbdən onun bu yersiz hərəkətlərinə qarşı dinə bilmirlər, amma İran Aşıqlar Birliyi sənətə belə yaramaz müdaxiləyə biganə qalmayacaq. Çünki bu sənət dünyanın harasında yaşamasından asılı olmayaraq bütöv Azərbaycan xalqına məxsusdur. Yəqin Azərnbaycanın Mədəniyyət naziri çox hörmətli Əbülfəs Qarayev cənabları bu dediklərimə öz münasibətini bildirəcək və ona da aydınlıq gətirəcək ki, özlərinin də mənə rəsmən yazdıqlarında deyildiyi kimi, (06 dekabr 2017-ci il 425/02-18/12 saylı cavab məktubu) əgər "professor Məhərrəm Qasımlı və digər aşıq sənəti tədqiqatçılarının səsləndirdikləri fikir və mülahizələr Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini əks etdirmir”sə, o zaman bu adam kimin mövqeyini müdafiə edir və onu əvəz edəcək başqa adam yoxdurmu Azərbaycanda? 

Aşıq Səlcuq Şahbazi 
İran İslam Respublikasında fəaliyyət göstərən
Aşıqlar Birliyinin sədri