Siyasət 16:10 17.04.2013

İran Ayətullahından Azərbaycana hədə

“Bu, onlar üçün yaxşı sonluqla nəticələnməyəcək”

İranın ali dini lideri Ayətullah Xamneinin rəsmi nümayəndəsi də Azərbaycanla bağlı müzakirələrə qoşuldu. Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, Ayətullah Şəbistəri rəsmi Bakını İslam dininə qarşı siyasət yürütməkdə ittiham edib. O, Azərbaycanda məscidlər, dindarlar və hicabla bağlı məsələyə münasibət bildirərkən ənənəvi İran siyasətinin Azərbaycana xəbərdarlıq metodundan istifadə edib:

“Bu vəziyyətin davam etməsi Azərbaycan hökumətinin ziyanına olacaq. Mən Bakı rəsmilərinin öz anti-islam siyasətlərinə düzəliş etmələrini gözləyirəm”, – deyə o vurğulayıb. Ayətullah onu da əlavə edib ki, Azərbaycan xalqının çoxu şiədir və bunu əsas gətirərək deyib: “Azərbaycan bir şiə ölkəsi olsa da, onun rəsmiləri şiələrə qarşı təzyiqlər edir və dini təbliğə imkan verilmir”.

Ayətullah Şəbistəri Azərbaycan Respublikası rəsmilərinin bu ölkədə xalq etirazlarının genişlənməsinə zəmin yaratdıqlarını deyib: “Sionist rejim və amerikalı ağaların razılığını əldə etmək üçün bu kimi siyasətlər yürüdən Azərbaycan rəsmilərinin hərəkətləri onlar üçün yaxşı sonluqla nəticələnməyəcək”./azadliq.az/