Ekonomiks 17:35 22.04.2013

İran satdığı neftin pulunu ala bilmir

İran Dövlət Neft Şirkətinin prezidenti Əhməd Kalabani ölkənin neftdən 4 milyard dollarlıq alacağı olduğunu, amma sanksiyalara görə bu pulu ala bilmədiyini deyib.

Tehranda keçirilən neft və qaz ticarəti sərgisində iştirak edən Kalabani bu pulları almağın başqa yollarının da olduğunu bildirib: "Müştərilərimiz sanksiya səbəbilə nəğd pul verə bilmirlərsə, ən azı dərman, ərzaq və ya barter şəklində də ödəniş edə bilərlər".

İran iqtisadiyyat naziri Şəmsəddin Hüseyni keçən ilin dekabr ayında Tehran rejiminin beynəlxalq embarqolar səbəbilə neft gəlirlərinin 50 faizini itirdiyini açıqlamışdı.

İranın neft naziri Rüstəm Qasımi isə ölkənin neft istehsalının 2012-ci ildə azaldığını təsdiqləmişdi. Nazir bunun səbəbini Avropa ölkələrinin İrandan neft idxalını dayandırmaqda göstərmişdi.

2011-ci ildə Neft İxrac Edən Ölkələrin (OPEC) siyahısında ikinci yerdə olan İran hazırda dördüncü yerə düşüb.

Qaynar.info