Siyasət 18:13 03.05.2013

İran səfiri Xalidə Xalidin saxlanılmasına haqq qazandırdı

Möhsün Pakayin: "Biz qanundan kənar hərəkət edənlərin qanunla cəzalandırılmasına etiraz etmirik"

Hər iki ölkədə müxtəlif qurumların mövqelərindən dolayı hökumətlərin qarşı tərəfə nota verməsi halları münasibətlərə uyğun deyil. 

Bunu ANS-in bölgə müxbirinə eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu ölkədə saxlanılan Azərbaycan vətəndaşı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidlə bağlı sualına cavab verərəkən deyib. 

Diplomatın sözlərinə görə, hər iki ölkənin rəhbərliyi bu cür halların ölkələrimiz arasındakı münasibətlərə mənfi təsir göstərməməsi üçün siyasi iradə nümayiş etdirirlər: "Bu Azərbaycan vətəndaşı barəsində məndə rəsmi məlumat yoxdur. Lakin arxayın ola bilərsiniz ki, İranda heç bir qonaq, heç bir vətəndaş səbəbsiz saxlanıla bilməz. İnşaallah, ən yaxın gələcəkdə bu məsələ ilə bağlı bütün araşdırmalar təkmil olduqdan sonra Azərbaycanın notasına cavab veriləcək. Azərbaycanda da İran vətəndaşları var ki, burada qanundan kənar hərəkət ediblər. Biz onların qanunla cəzalandırılmasına etiraz etmirik".

Qaynar.info