Son günlər İranda keçirilən etiraz aksiyaları Azərbaycanda da maraqla izlənilir. Bunun səbəblərindən birincisi və ən vacibi bu dövlətin Azərbaycanla qonşu olmasıdır. Çünki belə hadisələr genişlənəndə qonşu dövlətlərin təhlükəsizliyinə də müəyyən problemlər yarada bilir. 

İkincisi, İranda 30 milyondan çox Azərbaycan türkü yaşayır. Orada baş verənlər soydaşlarımızın hüquqlarının təmin olunması baxımından da əhəmiyyətlidir. 

Üçüncüsü, İslam Respublikası Yaxın Şərqin aparıcı dövlətlərindən biridir. Odur ki, qonşu ölkədə cərəyan edən proseslər həm də Azərbaycana yaxın olan bölgədə ciddi təlatümlər yarada bilər. 

Bundan başqa, İran Azərbaycanın ərazisini işğal edən Ermənistanla hərtərəfli əməkdaşlıq edir, münasibətləri genişləndirir. Bu da Dağlıq Qarabağın işğaldan azad edilməsinə mane olan amillərdəndir. Ona görə də İslam Respublikasında baş verənlər işğalçının davranışına təsiri baxımından çox əhəmiyyətlidir. 

Eyni zamanda Azərbaycanın cənub qonşusu dünya bazarında neft hasilatı və ixracatına görə aparıcı yerlərdən birini tutur. Odur ki, iqtisadi baxımdan da İrandakı aksiyaların neft hasil və ixrac edən dövlətlərə təsiri danılmazdır.



Atom-nüvə proqramına görə İrana qarşı 20 ildən artıq idi iqtisadi sanksiyalar tətbiq edilmişdi. BMT Təhlükəsizlik Şurası bununla bağlı 3 qətnamə də qəbul etmişdi. Azərbaycan da özündən asılı olmadan beynəlxalq sanksiyalara cəlb edilmişdi. Bu səbəbdən etiraz aksiyaları ilə bağlı Tehrana qarşı yenidən sanksiyaların tətbiq edilməsi də Azərbaycanın maraqlarına uyğun deyil. Bu baxımdan da etiraz çıxışlarının mahiyyəti, perspektivi, nəticəsi və s. Azərbaycan üçün maraqlı sayıla bilər. Yeri gəlmişkən, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etiraz aksiyaları "Bahalığa yox!” şüarı altında "Telegram” sosial şəbəkəsindəki çağırışla dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və ölkənin bir neçə şəhərini də əhatə etməklə yanvarın 2-dək davam edib. Aksiyaların sonuncu günlərində şüarlar daha da sərtləşmişdi. Proseslər get-gedə siyasi mahiyyət kəsb etməyə başlayır, ölkənin ali rəhbəri, ayətullah Seyid Əli Xaməneiyə qarşı şüarlar səslənirdi. Rəsmi mənbələr akiyalar zamanı 2 nəfərin, qeyri-rəsmi mənbələr isə 27 nəfərin öldüyünü bildiriblər. Rəsmi Tehran aksiyalarla bağlı 450-dən çox insanın tutulduğunu və yaxın günlərdə məhkəmə qarşısına çıaxarılacağını bildirib. Yanvrın 3-də İranda etiraz aksiyalarının "başa çatdığı” elan olunub. İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı, general Məhəmmədəli Cəfəri bununla bağlı bəyanat verib: "Düşmənlərimiz bilməlidirlər ki, İrana qarşı hərbi və ya təhlükəsizliklə bağlı təhdidlər baş tutmayacaq. Biz qiyamçıların məğlub olduğunu bəyan edə bilərik”. Ayətullah Seyid Əli Xamənei olmaqla İran rəhbərliyi və digər rəsmilər etiraz aksiyalarının təşkilində Səudiyyə Ərəbistanı, İsrail və ABŞ-ı ittiham edib. İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru qurumun baş katibi Antonio Qutyerreşə və Təhlükəsizlik Şurasına məktub göndərərək ABŞ-ı ölkəsinin daxili işlərinə qarışmasında ittiham edib. O, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin "Twitter” səhifəsində yazdıqlarını "təhrikedici” adlandırıb.



Donald Tramp bildirib ki, ABŞ hökuməti İranda baş verənləri diqqət mərkəzində saxlayır: "Nəhayət, İran xalqı  bu vəhşi və korrupsiyalaşmış rejimə qarşı ayağa qalxaraq hərəkətə keçib. ABŞ-ın keçmiş prezidenti Barak Obamanın axmaqcasına İran rejiminə verdiyi bütün pullar terrora sərf edilib, hakimiyyət nümayəndələrinin ciblərinə gedib. Bu gün İran əhalisi gündəlik tələbat mallarının çatışmazlığı, yüksək inflyasiya və insan hüquqlarının kobud şəkildə pozulması halları ilə üz-üzədir”.

İsrailin baş naziri Binyamin Netanyahu İran prezidenti Həsən Ruhaninin onlara qarşı söylədiklərini təkzib edərək onu "yalan danışmaq”da qınayıb. İsrail hökumətinin başçısı Avropa ölkələrini İranda baş verənlərə susqunluğa görə tənqid edib: "İrandakı rejim bir gün çökəcək. İranlılar və israillilər yenidən yaxşı dost olacaqlar”.

İran rəsmiləri xarici müdaxilə ilə bağlı uzun illərdir bəyanatlar verirlər. Ancaq təəssüf ki, etiraz aksiyalarının başvermə səbəbi və onu yaradan problemlərin aradan qaldırılması istiqamətində əməli işlər görülmür.

Tramp və Netanyahunun bəyanatları onu sübut elədi ki, İranda baş verənlər Tehranın düşmən saydığı dövlətlər tərəfindən diqqətlə izlənilir. Düzdür, bu münasibəti şişirdənlər də tapıldı. Belələri sonun çatdığını deməkdən də çəkinmədilər. Ancaq İranda ciddi şəkildə sosial problemlər var. İraq, Suriya və Yəməndə baş verənlərə daha çox diqqət ayrıldığından ölkə iqtisadiyyatında islahatlar dayandırılıb. Sosial sahədə durğunluq hökm sürür, gənclər çoxsaylı problemlərlə üz-üzədir. Sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlər də mövcud ifadə azadlığı üçün əlavə maneələr yaradır.



2015-ci il iyulun 15-də imzalanan razılaşmadan sonra aradan qaldırılan sanksiyalar İranın nəfəs alması üçün ciddi bir hadisə idi. Bunun yetərincə qiymətləndirilməməsi də Tehran üçün problem yaradıb. Etiraz aksiyaları da bunun ilk təzahürlərindəndir. Aksiyanın xarici dövlətlər tərəfindən təşkilinin iddia edilməsi isə İran hakimiyyətinin gücünün göstəricisi sayıla bilər. Hakimiyyətin, xarici qüvvələrin münasibətindən asılı olmayaraq, Azərbaycanın cənub qonşusunda 39 ilə yaxındır həllini gözləyən çoxsaylı problemlər var. Ötən illər ərzində ölkədə islahatlar aparılmadığından, yaxud həyata keçirilməsi nəzərdə tutulan bu proseslərin yarımçıq qalması əlavə gərginliyin yaranmasına səbəb olub.

Bu il fevralın 11-də İrandakı inqilabın 39-cu ildönümü olacaq. Bu müddət ərzində İranda hakimiyyətə gələn yeni qüvvələr İraqla 8 illik mənasız müharibə aparıblar. Həmçinin Livan-İsrail hərbi qarşıdurmasına cəlb olunublar. Atom-nüvə proqramını müdafiə edib. İraq, Suriya və Yəməndəki hakimiyyət dəyişikliyindən sonrakı proseslərə birbaşa və dolayı yolla qatılıblar. Hakimiyyət bunları təhlükəsizlik məsələləri ilə əlaqələndirib və xarici təcavüzdən qorunmaq üçün atılan addım kimi dəyərləndirib. Ancaq ölkə əhalisinin artan tələbatı və onların təmin olunması isə ikinci plana keçib. Bu da öz növbəsində etiraz aksiyalarına çevrilib. Həmin problemlərdən məqamında düşmən sayılan xarici qüvvələrin istifadəsi isə mümkünsüz deyil.

İranda 2009-cu ildə prezidenti seçkisi qabağı və ondan sonra etiraz aksiyaları keçirilmişdi. Onda hakimiyyətdaxili mühafizəkar xəttin nümayəndəsi, prezidentliyə ikinci dəfə namizəd olaraq irəli sürülən Mahmud Əhmədinijatla hakimiyyətdaxili islahatçı xəttin təmsilçiləri Mirhüseyn Musəvi, Mehdi Kərrubi, Möhsün Rzayi arasında mübarizə gedirdi. İslahatçıların əsas nümayəndəsi Mirhüseyn Musəvi məğlub oldu. Bundan sonra ölkədə etiraz aksiyaları keçirild, islahatçıların namizədləri həbs edildi. Bu günədək Musəvi və Kərrubi həbsdədir, yaxud ciddi nəzarət altında saxlanılırlar.



Elə dekabrın 28-də başlayan etiraz aksiyasını da həmin prosesin davamı kimi qiymətləndirmək olar. Çünki 39 il əvvəl baş verən inqilab qarşısına qoyduğu hədəflərə çata bilməyib və ya ona qismən nail olub. 2009-cu ilin iyununda etirazçıların istəkləri daha çox siyasi idisə, sonuncu aksiyada iştirak edənlərin irəli sürdüyü şüarların çoxu sosial xarakterlidir. Beləliklə, 40 ilə yaxındır İrandakı mövcud hakimiyyət əhalinin siyasi, iqtisadi və sosial istəklərlə bağlı islahatları həyata keçirməyib. Vəziyyət bu şəkildə davam edərsə, yaxud diqqət problemlərin həllindən çox təzyiq və təqiblərə yönələrsə, o halda yaxın zamanlarda yeni etiraz dalğasının baş qaldıracağı ehtimalı az deyil. 2009-cu ilin yayı və 2017-ci ilin qışında baş verənlər 1979-cu ilin fevralındakı siyasi şəraitin yaradılmasına hazırlıq da sayıla bilər.

Mənbə: "Report"