Dünya 09:33 17.04.2013

İranda yenidən zəlzələ oldu


İranın Sistan və Bəluçistan əyalətinin Saravan şəhərində bu gün səhər yenidən 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə İRİNN xəbər kanalı məlumat verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 07:45 -də qeydə alınıb.

Aprelin 16-da İranın Sistan və Bəluçistan əyalətində Pakistanla sərhədə yaxın ərazidə 7,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı təxminən 90 kilometr dərinlikdə olub. Baş vermiş zəlzələ nəticəsində bir nəfər qadın həlak olub, 27 nəfər isə yaralanıb. Yaralananlardan beşinin vəziyyəti ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər, digər yaralılar ambulator müayinədən sonra evə buraxılıblar.

"Mehr" agentliyinin məlumatına görə, yeraltı təkanlar İranın daha yeddi vilayətində - Buşəhr, Məşhəd, Kirman, İsfahan, Tehran, Yəzd və Semnanda hiss olunub.

Mütəxəssislərin məlumatına görə, bu, son 40 ildə İranda baş vermiş ən güclü zəlzələdir.

İranın Sistan və Bəluçistan əyalətinin başçısı Hatəm Naruyi İRİNN kanalına müsahibəsində deyib ki, zəlzələ 100 kənddə əkin sahələrinə, evlərə və yollara ziyanlar vurub. Hazırda dəymiş maddi ziyanın miqdarı mütəxəssislər tərəfindən hesablanır.

Xatırladaq ki, son bir gündə həmin ərazidə bir neçə dəfə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, İranda bir həftə öncə də 6,3 bal gücündə zəlzələ baş vermiş, nəticədə 37 nəfər həlak olmuşdu.

Trend