Şahin Cəfərli
Siyasət 11:08 08.01.2020

İranın ABŞ-a cavabı haqqında

Şahin Cəfərli

İran ən gözlənilən cavabı gerçəkləşdirdi.

Belə görünür ki, şəxsi heyətinin sayı az və raket hücumundan müdafiə sistemi olmayan (yaxud zəif olan) ABŞ hərbi bazaları seçilib ki, həm itki minimal olsun, həm də raketlər hədəfə dəysin. (İlk xəbərlərə əsasən.) Vurulan bazalardan birində ümumiyyətlə, ABŞ əsgəri olmadığı bildirilir. Pentaqon öz əsgərləri arasında itki olmadığını açıqlayıb.

Süleymaninin cənazəsi basdırılmadan həyata keçirilən hücumda əsas məqsəd qarşı tərəfə ağrılı zərbə vurmaqdan daha çox, İran rejiminin ölkə daxilində və bölgədə öz nüfuzunu qoruması, gücünü göstərməsi olub. Yəni bu hücumun təbliğata və mümkün qədər qarşı tərəfin əks zərbələrinə əsas yaratmamağa hesablanan bir addım olduğu ortadadır.

İndi ABŞ-ın cavab verib-verməyəcəyi önəmlidir. Tramp hadisədən sonra ilk tvitində təmkinli davranıb və səhər açılandan sonra açıqlama ilə çıxış edəcəyini söyləyib. Cavab olarsa, 2 variant var:

1. Bölgədəki - İraq və Suriyadakı İran qüvvələrinin vurulması;

2. İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusuna aid raket bazalarına zərbə endirilməsi.

İkinci variant iki ölkə arasında müharibə anlamına gələcəyi üçün birinci ehtimalın gerçəkləşmə ehtimalı daha güclüdür. Tramp ümumiyyətlə, cavab verməyərək eskalasiyanı dayandıra da bilər.

P.S. İranda Ukraynaya məxsus sərnişin təyyarəsi Tehran İmam Xomeyni hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə 180 nəfər olub. Nüvə obyektinin yerləşdiyi Buşəhrdə isə 4,9 bal gücündə zəlzələ baş verib.