Dünya 12:22 18.08.2018

İrəvanda növbədənkənar seçkilər keçiriləcək

İrəvan meri vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan hökuməti paytaxtın yeni bələdiyyə başçısını seçə bilmədiyi üçün cümə axşamı keçirilən iclasda İrəvanın Ağsaqqallar Şurasının ləğv edilməsinə dair qərar qəbul edib. İclasda həmçinin çıxış edən Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Armen Smbatyan İrəvan meri vəzifəsinə seçkilərin sentyabrın 23-də keçiriləcəyini açıqlayıb.
 
Onun sözlərinə görə, namizədlər seçkilərdə iştiraka dair sənədləri 29 avqusta qədər təqdim etməlidirlər.
 
"Sənəd qəbulu sentyabrın 3-də başa çatacaq. Seçkiqabağı kampaniya 10 sentyabrda başlayacaq", - deyə Smbatyan bildirib.

Yığıncaqda səsvermənin təşkili və keçirilməsi üçün əsas tədbirlər cədvəli də təsdiq olunub.
 
Qeyd edək ki, "İrəvanda yerli özünüidarəetmə haqqında" qanuna əsasən paytaxtın meri 65 nəfərdən ibarət olan və şəhərdə keçiriləcək seçkilər əsasında partiya prinsipi ilə yaradılmış şura tərəfindən seçilir. Bələdiyyə məclisinə seçkilərin nəticələri açıqlandıqdan sonra tərəflərdən biri məclis üzvlərinin 50 faizindən çoxunun səsini alırsa, İrəvanın meri seçilir. Namizəd bələdiyyə başçısı tələblərinə cavab vermirsə, vəzifədən imtina edirsə və ya heç kim 50 faizdən çox səs toplaya bilmirsə, o zaman paytaxt meri məclis üzvlərinin gizli səsvermə yolu ilə seçilir.

Aktyro Hayk Marutyan baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiyadan bələddiyə sədri vəzifəsinə nazmizəddir. İkinci ən böyük parlament fraksiyası Tsarukyan isə millət vəkili Naira Zohrabyanın namizədliyini irəli sürüb.

Qeyd edək ki, İrəvanın keçmiş meri Taron Marqaryan Ermənistanda baş vermiş aksiyaların ardından iyulun 9-da vəzifəsindən istefa vermişdi.