Ölkə 11:06 18.04.2014

İş adamı Baş Prokurora müraciət etdi - İDDİA

Müqayis Verdiyev: ""Fəqan Xidmət"də yoxlama aparılarsa, icra başçısı ilə müavininin yediyi pullar üzə çıxacaq"

Hazırda həbsdə olan iş adamı Müqayis Verdiyev Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıb. 

Qaynar.info xəbər verir ki, həmin müraciətdə Baş Prokurordan xüsusi komissiya yaradılaraq, Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin Goranboyda quruculuq və abadlıq işləri üzrə tenderin qalibi olmuş «Fəqan Xidmət» MMC-də vergi, audit və korrupsiya yoxlamaları aparılması istənilir.

Qeyd olunur ki, sözügedən şirkət 2012-ci ildə Goranboy rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş tenderin müəmmalı şəkildə qalibi olub. Həmçinin vurğulanır ki, «Fəqan Xidmət» MMC-nin rəhbəri Fəyyaz Məmmədov rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Baxış Abdullayevlə əlbir olaraq, dövlət büdcəsindən ayrılmış pulları mənimsəməklə məşğul olublar. 

Eyni zamanda o da qeyd olunur ki, ümumiyyətlə, «Fəqan Xidmət» MMC-nin Fəyyaz Məmmədov tərəfindən idarə edilməsi həqiqətəuyğun deyil: "Mən Goranboy rayonunda həyata keçirilən quruculuq və abadlıq işlərində subpodratçı kimi iştirak etmişəm. Hər dəfə görülən işlərə görə pulu «Fəqan Xidmət»in rəhbəri Fəyyaz Məmmədovdan deyil, məhz icra başçısı Nizaməddin Quliyev və onun müavini Baxış Abdullayevdən almışam. Necə ola bilər ki, şirkətlə işlədiyim halda, görülən işin pulunu onun rəhbərindən deyil, icra başçısı və müavinindən alınıb? Bundan əlavə «Fəqan Xidmət» şirkətinin fəaliyyətində yetərli qədər qanun pozuntusu mövcuddur və onların araşdırılması zərurəti var. Əgər Baş Prokurorluq bu məsələni araşdırarsa, o zaman Goranboy rayonunda icra başçısı Nizaməddin Quliyev və müavini Baxış Abdullayevin dövlətə nə qədər zərər vurduğu üzə çıxacaq".

Müqayis Verdiyev həmçinin sifarişlə həbs olunması məsələsinə də toxunub. O bildirib ki, həbsinin sifarişini birbaşa Nizaməddin Quliyev verib: "Rayona ayrılmış milyonlarla manat pul icra başçısı tərəfindən mənimsənilib. Bu adam öz əməllərini ört-basdır etmək üçün mənə şər ataraq, həbs etdirib. «Fəqan Xidmət» şirkəti də bilavasitə icra başçısının oğlu Ramal Quliyevə məxsusdur. Fəyyaz Məmmədov isə formal olaraq şirkətə rəhbər təyin edilib ki, iz itirilsin. Mənim sifarişlə həbs olunmağımı təsdiq edən sənədlər də əlimizdədir və onu mətbuat vasitəsi ilə yayımlamışıq. Əlimizdə digər dəlil və sübutlar da var ki, onları da istintaqa və Baş Prokuorluq araşdırma aparacağı təqdirdə yaradılmış komissiyaya təqdim etməyə hazırıq".

Qaynar.info