Müəssisə və təşkilat rəhbərlərinin gənc kadrlara marağını artırmaq üçün layihə işə salınır. Artıq iş yerini itirən şəxslərin də yeni iş tapmaları problem olmayacaq.

"Qaynarinfo"nun   Xəzər TV-yə istinadən məlumatına görə, bu, "İşsizlikdən sığorta haqqında qanun”un tətbiqi ilə mümkün olacaq.

Hesablamalara əsasən, yeni mexanizm il ərzində Sığorta Fonduna 90 milyona yaxın vəsait qazandıracaq. Vəsait müxtəlif sahələr üzrə xərclənəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanovun sözlərinə görə, işəgötürən təhsilini yeni bitirən gənci ən azı 2 il ərzində işlə təmin etməlidir. Bundan başqa, əmək bazarına daxil olmaqda çətinlik çəkən sığorta olunanların da yeni işlə təmin olunması həyata keçiriləcək.

Fond hesabına görüləcək tədbirlər sırasında peşə hazırlığı və əlavə təhsilin, peşə yönümünə dair məsləhət xidmətinin, ayrılan qrantla əmək yarmarkasının təşkili kimi sahələr də var. Bağlanan və müflis olan müəssisələr nəzarə alınaraq fondun vəsaitinin 35 milyona yaxını işsizlik sığortasına ayrılıb.

"İşsizlikdən sığorta haqqında qanun” gələn ilin yanvar ayının 1-dən qüvvəyə minəcək. İş yerini itirənlər işsizlik sığortası ilə aylıq ödəniş alacaqlar. Bu layihədə əsas məqsəd işsizləri yeni iş axtarmağa sövq etməkdən ibarətdir.

Qaynarinfo.Az