Dünya 23:26 12.09.2017

İş müsahibəsi zamanı bu sözlərdən istifadə etməyin

Yəqin ki, iş müsahibəsindən mənfi cavab almaq hər birimizin başına ən azı bir dəfə gəlib. Müsahibənin çox  gözəl keçdiyini düşündüyünüz halda mənfi cavab aldığınız hallar da olub. 

"Qaynarinfo" sizə  Amerikanın "Business İnsider" şirkətinin hazırladığı iş müsahibəsində istifadəsi məsləhət görülməyən cümlələrin siyahısını təqdim edir: 

1. Mən bu işi çox istəyirəm.


Əksinə müsahibə zamanı özündən əmin, özgüvəni tam görünməlisiniz. Bu cümləni işlətdikdə isə mənfi rəy yaratmış olursunuz. Davranışlarınız "İş üçün hər şey edərəm" mənasına gəlməməlidir. 

2. Bu işin nə kimi üstünlükləri var?


Təbii ki, bu önəmli detallardandır. Ancaq siz bu sualı yalnız rəsmi şəkildə iş təklifi aldıqda verə bilərsiniz. 

3. Başa düşürsünüz, mən fikirləşirəm, bilirsiniz...


Və bu kimi sözlər. Bunları müsahibə zamanı leksikonunuzdan tamamilə çıxarmalısınız. Bu ifadələr sizi ağıllı göstərməyəcək. Əksinə, sizə qarşı inamsızlıq yaradacaq. 

4. Çox güclü insanam.


Demək olar ki, bütün şirkətlər bu sualı verir: "Ən böyük qorxunuz nədir?". Bu suala əksəriyyət "Mənim heç bir qorxum yoxdur. Güclü insanam", - deyə cavab verir. Əslində isə bu cavabınız qeyri-səmimi qarşılanır.  

5. Mən bunu artıq qeyd etmişəm. 


Bu cavab sizi özündən razı və aqressiv göstərə bilər. Bu səbəbdən də eyni sual təkrar soruşulsa belə, təmkinlə cavab vermək lazımdır. 

6. Yalnız; doğrusu; Mən mütəxəssisi deyiləm, amma...


Bu kimi sözləri insanlar adətən ciddi və özgüvəni tam göstərmək məqsədilə istifadə edirlər. Ancaq əmin olun ki, müsahibə zamanı bu heç də xoş qarşılanmayacaq. 

7. Şirkət haqda heç bir sualım yoxdur.


Əksər hallarda şirkət sahibi sizə şirkətlə və ya vakansiya ilə bağlı hər hansı sualınız olub-olmadığını soruşur. Bu zaman "Şirkət haqda heç bir sualım yoxdur" demək böyük yanlış olar. Çünki bu sual adətən sizin işə və ya şirkətə olan marağınızı müəyyənləşdirmək üçün soruşulur. 

Nərmin Həsənli

Qaynarinfo.Az