Ekonomiks 15:59 23.09.2019

İş vaxtından əlavə işə görə ikiqat əməkhaqqı ödənilməlidir (VİDEO)

Bir sıra qurumlarda işçilər 8 saatdan artıq işlədilir. Bəzi şəxslər tabeçilik funksiyasına görə bunu dilə gətirə bilmir. Çünki işlərini itirməkdən qorxurlar. Xüsusən də işçilərin iş saatından artıq işlədilməsi özəl sektorda geniş yayılıb.

Qaynarinfo xəbər verir ki, ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Özəl sektordakı müəssisələrin bir qismində, ümumiyyətlə, iş saatı tənzimlənmir. Onların artıq iş saatlarına görə əmək haqlarının hesablanması da çox vaxt adi qaydada aparılır. 

Gündəlik normal iş vaxtının müddəti gündə səkkiz saatdan və həftədə 40 saatdan artıq ola bilməz. İstisna hallarda artıq işlədilən işçiyə ikiqat norma ilə əməkhaqqı ödənilməsi göstərilib.

Hüquqşünas Samir Şərifov deyir ki, əgər tərəf iradəsinə zidd şəkildə, məcburi işlədilirsə bu zaman işin həm inzibati, həm də cinayət məsuliyyəti var:  "Ancaq mümkün olar ki, tərəflərin razılığı ilə işçi altı gün işləsin. Bu zaman belə gündəlik norma qanunvericilikdə müəyyən olunub”.

Bu məsələdə işçilərin də üzərinə böyük iş düşür. Əgər hansısa bir qanun pozuntusu ilə rastlaşarsa, müvafiq qurumlara müraviət etməlidir ki, tapdanmış hüquqları bərpa edilsin.

Dövlət Əmək Müfəttişliyi Xidməti mətbaut katibi Aynur Osmanqızı bildirib ki, fasiləsiz fəaliyyət göstərən istehsalat sahəsi istisna olunmaqla digər müəssisələrdə istirahət günlərində, ümumxalq hüzn günlərində, qeyri-iş günü olan bayram günlərində işçilərin işlədilməsi əmək məcəlləsinə əsasən qadağandır”.

Hazırda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında qanunvericiliyə uyğun olaraq, Dövlət Əmək Müfəttişliyi zəruri hal olmadıqda müəssisələrdə yoxlama aparmır. Bu da bəzi sahibkarların "işgüzar” fəaliyyətinə şərait yaratmış olur. Bu kimi hallar yaşanmasın deyə, ən vacib şərt əmək müqaviləsinin bağlanmasıdır ki, iş vaxtından artıq işlə bağlı məsələyə həmin vaxt aydınlıq gətirilsin.

');