Ölkə 13:49 17.06.2013

“İsa Qəmbər Milli Şuranın vahid namizədi ola bilər” - MÜSAVATDAN AÇIQLAMA

Müsavat başqanı İsa Qəmbərin Milli Şuranın vahid namizədi olması ilə bağlı “Aznews.az” saytı məlumat yayıb.
Qeyd olunur ki, bu barədə Milli Şuradakı bu barədə danışıqlarda iştirak edən mənbələrdən məlumat daxil olub. O da vurğulanır ki, Milli Şura sədri Rüstəm İbrahimbəyovun vahid namizəd olması artıq gündəmdə deyil.
Modern.az məsələni dəqiqləşdirmək üçün Müsavat və Milli Şuradan münasibət öyrənib.
Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, bu cür məlumatlar şəxsi mülahizələrə əsaslanır. “Milli Şuranın hələ ikinci toplantısı olmayıb və tarixi də dəqiq məlum deyil. Əsas namizədin kim olması məsələsi də tam olaraq aydınlaşmayıb. Sadəcə olaraq müxtəlif fikirlər səsləndirilir. Kimlərinsə belə subyektiv fikirlərdə olması təbii haldır. Çünki İsa Qəmbər namizədliyini elan edib. Eyni zamanda Milli Şurada namizəd olmaq istəyənlər hələ ki, Müsavat və AXCP liderləridir. İsa Qəmbərin vahid namizəd olması məsələsi gündəmdədir. Bu həm də Rüstəm İbrahimbəyovun Azərbaycana gəlib - gəlməməsindən asılıdır”-deyə qeyd edib. 
“El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev isə deyib ki, Milli Şurada İsa Qəmbərin vahid namizəd olması müzakirə olunmayıb. “Milli Şuranın növbəti toplantısı bu günlərdə olmalıdır. Ola bilsin ki, kimsə arzusunu reallıq kimi qələmə vermək istəyir”-deyən Milli Şura təmsilçisi onu da əlavə edib ki, ümumiyyətlə son zamanlar həqiqətə uyğun olmayan məlumatlar yayılır. “Bir məqamı da nəzərə almaq lazımdır. Milli Şuranın namizədi İsa Qəmbər də ola bilər, Əli Kərimli də. Ancaq hamının məqbul hesab etdiyi şəxs Rüstəm İbrahimbəyovdur. Amma yenə də məsələ Milli Şuranın iclasında müzakirəyə çıxarılmalıdır”. 
Eldəniz Quliyev bildirib ki, vahid namizəd kimi ciddi məsələyə soyuq başla və praqmatik yanaşmaq lazımdır. “Ancaq istək, arzu, həvəslə bu cür münasibət sonda məğlubiyyətlə nəticələnə bilər. Gəlin ağılla yanaşaq proseslərə”-deyə müxalifətə səslənib. 
Daha sonra sözünə belə davam edib: “Azərbaycanın qələbə çalması üçün çalışmaq lazımdır”.

Qaynar.info