Siyasət 17:46 12.07.2013

İsa Qəmbər: “Prezidentliyə namizədliyim hələ də qüvvədədir”

“Seçkilərdə boykot istisna deyil, amma iştirak variantına üstünlük verilməlidir”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Müsavat başqanı İsa Qəmbər “Azadlıq” radiosunun “İşdən sonra” proqramında səsləndirib.

Müsavat başqanı açıqlamasında prezidentliyə namizədliyinin hələ də qüvvədə olduğunu deyib. İsa Qəmbərin fikrincə, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa belə, Milli Şura seçkidən kənardan qalmamalıdır.

“Mən Milli Şuranın elə qərar verməsinin tərəfdarıyam ki, heç bir halda Milli Şura seçkidən kənarda qalmasın. Müsavat Partiyası tərəfindən irəli sürülən namizədliyim hələ qüvvədədir. Ciddi müzakirələrə ehtiyac var. Biz ancaq Müsavatın qərarını xatırlatdıq.

Rüstəm İbrahimbəyov da açıqlamalarında bildirmisdi ki, namizədliyi qeydə alınmayacağı təqdirdə İsa Qəmbərə dəstək verə biləcək. Görünür kimlərsə bundan həyəcanlanıb belə bir mövqeydən çıxış etməyə çalışırlar. Təbii ki, nəinki Rüstəm müəllim, eləcə də mənim də namizədliyimi qeydə almaya bilərlər”-deyə Müsavat başqanı bəyan edib.

İsa Qəmbər daha sonra Milli Şuranın vahid namizədi olmağa iddialı olub-olmadığı haqda sualı cavablandırıb:

“Mənim ilk növbədə Milli Şuranın vahid namizədliyinə iddiam yoxdur. Biz “Rüstəm bəy-İsa Qəmbər” mövzusunu gündəmə gətirmirik”.