Siyasət 12:38 06.05.2013

“İsa Qəmbər ruspərəstdir” - AÇIQLAMA

“Bunlardan biri Eldar Namazov, o biri isə İsa Qəmbərdir”

“Milli Şura ideyası Azərbaycanın reallığından irəli gələn sosial sifariş deyil, kənarda hazırlanan və idarə olunan bir layihədir. Müşahidələr, faktlar göstərir ki, bu qurum Moskvadan daha çox idarə olunur”.

Bunu Qaynar.info-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Millət vəkilinin sözlərinə görə, Milli Şura ideyası Azərbaycana xələl gətirə bilər: “Bu yaxınlarda Eldar Namazovun Moskvaya səfəri, orada Rüstəm İbrahimbəyovla görüşü və geri qayıdandan sonra İsa Qəmbər və Əli Kərimli ilə intensiv görüşlər keçirməsi göstərir ki, bu, kənarda hazırlanan Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə ciddi xələl gətirə biləcək layihədir. Lakin düşünmürəm ki, Milli Şura reallaşa bilsin. Hətta ən müxtəlif şəkildə buna çalışsalar da, ictimai dəstəyi olmadığına görə bunun reallaşması mümkün olmayacaq. Baxın, Milli Şurada kimlər təmsil olunur? Əsasən Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP), Müsavat Partiyasına və “El” hərəkatına daxil olan insanlar burada iştirak edirlər. İctimai Palata hansı taleyi yaşadısa, Milli Şura ondan daha biabırçı taleyi yaşayacaq. Buna qətiyyən şübhəm yoxdur. Çünki indiki hakimiyyətin siyasəti ilə razılaşmayan ayrı-ayrı şəxslər də Milli Şura ilə bağlı çağırışlara isti münasibət bəsləmir. Milli Şura Azərbaycanın milli maraqlarına xidmət etməyən layihədir”.

F.Ağamalı qeyd edib ki, Milli Şuranın yaradılmasında məqsəd Azərbaycanda ruspərəst qüvvənin hakimiyyətə gətirilməsidir: “Burada hakimiyyət uğrunda mübarizə aparan iki şəxs Rusiyaya daha çox meyilli görünür. Bunlardan biri Eldar Namazov, o biri isə İsa Qəmbərdir. Gələcəkdə bu cür marafona Əli Kərimlinin də qoşulmasına şübhə etmirəm”.

İlkin
Qaynar.info