Siyasət 17:31 02.07.2013

İsa Qəmbərin namizədliyi geri götürülməyəcək - AÇIQLAMA

“Gündəliyə mitinq məsələsinin salınmasını təklif etdim. Amma izahat belə oldu ki, bu məsələ ilə bağlı Milli Şuranın (MŞ) icra strukturu və işçi qurupu səviyyəsində müzakirələr gedir”.

Bunu Qaynar.info-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli deyib. O bildirib ki, növbəti sessiyada mitinq komitəsi yaradılacaq və mitinqlərə başlanılacaq: “Sentyabrdan etibarən kütləvi aksiyalar onsuz da vüsət alacaq. Amma MŞ-da tez qərar verərək bu istiqamətdə hazırlıqlarını görməlidir”.

M.Hacıbəyli Müsavat Partiyasını başqanı İsa Qəmbərin MŞ-nın bu gün keçirilən sessiyasındakı çıxışında “Partiyamız 4 yanvar 2013-cü ildə seçkilərdə iştirakla bağlı qəbul etdikləri qərarı qüvvədə saxlayır və Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyir” fikrinə də münasibət bildirib: “Bu partiyanın mövqeyidir. Keçən sessiyada Ənnağı Hacıbəyli belə bir replika ilə çıxış eləmişdi. Bildirmişdi ki, hakimiyyət İbrahimbəyovu seçkilərdən kənarda saxlamaq istəyir. Seçki prosesinə bir neçə namizədin qoşulması normal haldır. Müsavatda belə müzakirələr getdi ki, biz İbrahimbəyovun namizədliyini dəstəkləyirik, onun namizədliyinin qeydə alınması üçün imza toplayacağıq, təbliğatını aparacağıq. Milli Şuranın heç bir halda seçki prosesindən kənarda qalmasını istəmirik. Biz İsa bəyin namizədliyinin geri götürülməməsi ilə bağlı qərar qəbul etmişik. Bu o zaman geri götürülə bilər ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınsın”.

İlkin
Qaynar.info