Foto 18:00 20.07.2018

İşə gecikməmək üçün 32 km yolu piyada getdi: müdir öz avtomobilini hədiyyə etdi (FOTOLAR)

ABŞ-ın Birminhem şəhərində avtomobili xarab olduğundan işə gecikməmək üçün gecədən yola çıxan və 32 kilometr yolu piyada gedən işçiyə şirkət rəhbəri şəxsi avtomobilini hədiyyə edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu davranışına görə 20 yaşlı Volter Karr adlı işçi sosial şəbəkələrdə böyük rəğbət qazanıb.

Bir polis işçisi yolda gördüyü və hekayəsindən təsirləndiyi Karrı səhər yeməyinə qonaq etdikdən sonra əşya daşıyacağı evə aparıb. Lakin o, ev sahibinin təkidlərinə baxmayaraq istirahət etmədən işə başlayıb.

Karrla tanış olmaq üçün Tennnessidən gələn müdiri Lyuk Martinlə işçisinin qarşılaşması zamanı maraqlı anlar yaşanıb. Müdir işinə məsuliyyətlə yanaşdığı üçün işçisinə özünün şəxsi avtomobilini hədiyyə edib.

Karrın öz avtomobilini təmir etmək üçün sosial şəbəkələrdə başladılan kampaniya üçün isə 8 min dollar iyanə toplanıb.