Ekonomiks 23:15 22.08.2019

İşədüzəltmə şirkətləri nəzarətə götürüləcək

Nazirlər Kabineti avqustun 8-də "İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər"i təsdiq edib. Sputnik Azərbaycan xəbər verir ki, qərara əsasən, işədüzəlmədə vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

Qərara görə, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron reyestri yaradılacaq. Bu fəaliyyətlə məşğul olan bütün şirkətlər haqqında məlumatlar bu reyestrdə toplanacaq, reyestr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) olacaq. Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək.

Yenilik ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu sahədə ciddi problem var idi və burada biznes etikası yox idi: "Bir sıra hallarda işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan şirkətlər tərəfindən vətəndaşların əksəriyyəti aldadılırdı, qeyri-rəsmi ödənişlər tələb olunurdu, yalan vədlər verilirdi və s. Yəni kifayət qədər bu istiqamətdə ciddi çatışmazlıqlar var idi. Eyni zamanda, bu sektorda çalışan subyektlərin vergidən yayınma halları kifayət qədər genişdir".

O bildirib ki, bu sahədə nəzarət imkanları da məhdud idi:

"Çox zaman sövdələşmə yolu ilə vətəndaşlar işə düzəldilir, onların əmək haqqının bir neçə aylıq hissəsi həmin şəxslər tərəfindən nağd formada alınırdı. Heç bir nəzarət mexanizmi tətbiq olunmurdu. Bu istiqamətdə elektron reyestrin yaradılması mövcud nöqsanları aradan qaldıra və şirkətlərin məsuliyyətini artıra bilər. Bu, müəyyən qədər əmək hüququnun da müdafiəsinə şərait yarada bilər".

Ekspert qeyd edib ki, Azərbaycanda məşğulluq ilə bağlı yeni strategiya hazırlanıb və bu çərçivədə addımlar atılmağa başlayıb: "Hazırda iş bankı yaradılır və burada həm işaxtaranların, həm də işəgötürənlərin real vaxt rejimində məlumatları izləməsi imkanlarının təmin edilməsi nəzərdə tutulub. Burada məlumatların iş bankına ötürülməsini təmin edən mexanizmin formalaşdırılması qarşıya hədəf kimi qoyulub. Sektorda işədüzəltmə şirkətlərinin kifayət qədər payı olduğunu nəzərə alsaq, bu addım həmin şirkətlərin mövcud platformalara cəlb edilməsi zərurətindən qaynaqlanır".

"Reyestrin tətbiq edilməsi şirkətlərin məsuliyyətini artıracaq, onların daha peşəkar, leqal səviyyədə fəaliyyət göstərməsinə şərait yaradacaq. Bu sahədə nəzarət mexanizmi tətbiq edilərsə, vətəndaşların aldadılması, yalan vədlərin verilməsi, vergidən yayınma və bu kimi hallar aradan qalxa bilər", - deyə ekspert bildirib.

Qeyd edək ki, qərar işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müəyyən edir.

İşədüzəltmə şirkətləri müvafiq formanı elektron şəkildə dolduraraq bu reyestrə qoşulmaq üçün müraciət etməli olacaqlar.

Sənədə əsasən, ƏƏSMN Vergilər Nazirliyinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edərək işədüzəlmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxsin vergilər, faizlər və maliyyə sanksiyaları, hüquqi şəxsin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə məlumatları əldə edir.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxs mövcud informasiya ehtiyatlarında ona aid olan fərdi və kommersiya xarakterli məlumatların ƏƏSMN tərəfindən sorğu edilərək əldə olunmasına dair razılığını gücləndirilmiş elektron imzası ilə təsdiq etməlidir.

Sənədə əsasən, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər reyestrdə qeydiyyatdan keçməli, iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır. Həmin şirkətlər işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiyanı ƏƏSMN ilə bölüşməlidirlər.

Qərara görə, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidirlər.