Ölkə 23:45 18.08.2019

İsgəndər Həmidovun məhkəməsində çıxış əvəzi lətifə

Tanınmış vəkil Adil İsmayılov keçmiş daxili işlər naziri (16 may 1992 - 16 aprel 1993) İsgəndər Həmidovun məhkəmə işi ilə bağlı maraqlı məlumat açıqlayıb.  

Qaynarinfo Adil İsmayılovun bununla bağlı yazısını təqdim edir:

(Yazının əvvəli BURDA)

Süni yaranmış fasilədə mənə çoxlu sayda, müxtəlif səviyyələrdə zənglər oldu. Hamı bir şey, mənim bu gün çıxış etməyimi xahiş edirdi, hamıya da eyni cavab verirdim bu qanunsuzdur və çıxış etsəm, özümə olan hörmətimi itirərəm. Fasilədən qayıdan İbayev yenidən çıxış etmək üçün mənə söz verdi. Hazırlaşmaq üçün vaxt istədim, çünki vəziyyətin gərginləşməsi göz qabağında idi. Hakimin nə qədər sualına 1 həftə cavabını verdim.

M.İbayev yenidən fasilə elan etdi, məni çağırdı. Dedi ki, bir həftə çoxdur, heç olmasa sabah çıxış et, yoxsa özümə də, ona da problem yaşadacam. Bu sözlərdən sonra razılaşdıq ki, mənə çıxışa hazırlaşmaq üçün iki gün vaxt verir. Zala qayıdanda İbayev iki gün fasilə elan etdi.

İki gün sonra mən prosesdə çıxış etdim. Çıxışa belə başladım: "Hörmətli məhkəmə, hörmətli proses iştirakçıları, mən iki günlük fasilə zamanı nə çıxış edəcəyimi çox götür-qoy etdim. Belə qərara gəldim ki, sizə lətifə danışım, hər şey aydın olsun və indi hüquqşünasların çoxuna tanış olan bu lətifəni birinci dəfə danışdım.

"İki vəkil oturub yeyib-icirlər və alpinist barədə videofilmə baxırlar. Biri o birinə deyir ki, 100 dollardan (əvvəl manat yazacaqdım, sonra yadıma düşdü ki, o vaxt manat çox ucuz idi) mərc gələk, mən deyirəm ki, alpinist zirvəyə cıxacaq, o biri mərcə razılaşır və deyir ki, cıxmayacaq. Filmin sonunda alpinist zirvəyə çıxhaçıxda əli boşa çıxır və yıxılır. Mərc təklif edən vəkil 100 dolları həmkarına vermək istəyəndə həmkarı gülür və pulu götürmək istəmir. Deyir ki, o bu filmə bir gün əvvəl baxdığından sonunu bilirmiş. Uduzan vəkil əl çəkmir, uduzduğu pulu verməyə israr edir və deyir ki, o da bu filmə baxıb, amma ümid edirmiş ki, alpinist bu gün zirvəni fəth edəcək” ...

Zala bir sükut çökdü və mən çıxışımı belə tamamladım. Hörmətli məhkəmə, mən bu iş üzrə nəticənin necə olacağını başa düşürəm, amma ümid edirəm ki, alpinist sizin köməyinizlə zirvəyə çıxacaq. Məhkəmə İskəndər Həmidova 14 il azadlıqdan məhrumetmə cəzası verdi və alpinist zirvəyə çıxmadı. Bu lətifəni sonrakı illərdə bir neçə dəfə təkrarlamağa məcbur olmuşam.

Burda həmin işlə bağlı bir xatirəmi də sizinlə bölüşüm. Həmidovun işi üzrə istintaq bitəndə, onun işini aparan müstəntiqlə maraqlı, deyərdim ki, ibrətamiz dialoqları oldu. Müstəntiq dedi ki, bəy, sənin əməlində ümumiyyətlə cinayət tərkibi yoxdu. Amma mən özüm bilə-bilə sənə ən ağır maddələr vermişəm. Çünki yüngül maddə versəm, məhkəmə sənə 3-5 il iş verəcək. Ağır maddə ilə isə heç bir məhkəmə hökm çaxarmaz, sənə bəraət verəcəklər. İsgəndər də qayıdıb dedi ki, Vahid, sənin kimi bir.... məhkəmədə olacaq və mənə sənin verdiyin maddələrlə ən ağır cəza verəcək. Həyat onun haqlı olduğunu göstərdi. Arada bu dialoqun məzmununu iştirak etdiyim proseslərdə müstəntiqlərə və hakimlərə danışıram.