Dünya 18:46 23.03.2018

Fransanı qorxuya salan İŞİD-çi öldürüldü (YENİLƏNİB)

Fransanın Treb şəhərində supermarketə hücum edən terrorçu öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerard Kollomb öz "Twitter" səhifəsində məlumat yayıb.

Danışıqlar nəticə vermədiyindən polis əməliyyata başlayıb. Bütün girovlar azad edildikdən sonra terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Canlı yayımda İŞİD-ə bağlılıq andı içən terrorçu polisdən 3 il öncə Parisdə 129 nəfərin ölümünə səbəb olan terror aktının iştirakçılarından olan Salah Abdesselamın azad olunmasını tələb edib.
 
***17.51
 
Fransanın Treb şəhərində supermarketə hücum edən terrorçu tələbini irəli sürüb.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, o, polisdən Parisdə 3 il öncə Parisdə 129 nəfərin ölümünə səbəb olan terror aktının iştirakçılarından olan Salah Abdesselamın azadlığa buraxılmasını tələb edib.

Terrorçu həmçinin canlı yayımda İŞİD-ə bağlılıq andı içdiyi bildirilir.

Fransa mətbuatının məlumatına görə, girovlar qaçaraq terrorçunun əlindən qurtula bilib. Hazırda marketdə yalnız bir polis işçisinin və terrorçunun qaldığı bildirilir.

Trebə gedən Fransanın daxili işlər naziri Cerard Kollomb əməliyyatın davam etdiyini açıqlayıb.
 
BFM TV-nin son dəqiqə məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb. 
 
***16.10 
 
Fransanın Treb şəhərində İŞİD-çinin supermarketə hücumu zamanı iki nəfər həlak olub.

Qaynarinfo zəbər verir ki, bu barədə AFP polisdəki mənbələrə istinadən məlumat yayıb. Ölənlərdən birinin marketdə çalışan qəssab olduğu bildirilir.

Treb bələdiyyəsinin sədri BFM TV-yə açıqlamasında iki nəfərin yaralandığını deyib. "Reuters"ə danışan polisdəki mənbə isə içəridə 8 nəfərin girov saxlandığını bildirib. 

Yerli polisin rəisii Jean-Valeri Lettermann "Təəssüf ki, bir nəfərin öldüyünü təxmin edirik. Amma içəriyə həkim göndərə bilmirik" deyib.
 
***15.45
 
Fransanın cənubunda yerləşən Treb şəhərində naməlum şəxs supermarketə hücum edib.

Qaynarinfo xəbər verir ki, həmin şəxs bir neçə market işçisini girov götürüb.

Məlumata görə, "Super U” adlı marketə daxil olan silahlı şəxs ətrafdakılara atəş açmağa başlayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Polis rəsmiləri ölənlərin sayının artacağını istisna etməyib. 

Həmin silahlı şəxsin terrorçu İŞİD quruplaşmasının üzvü olduğu bildirilib. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.

Aydın