Ölkə 16:17 13.03.2018

İŞİD-in azərbaycanlı üzvünə hökm oxundu

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriya və İraq dövlətlərinin ərazsində döyüşməkdə təqsirli bilinən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Həsrət Əliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə İŞİD tərkibində döyüşməkdə təqsirli bilinən Həsrət Əliyev son sözlə çıxış edib.

O, bildirib ki, 2013-cü ildə Suriyaya getdiyi üçün əməlindən peşman olub. Onun sözlərinə görə, İŞİD tərkibində döyüşən zaman əhalinin öldürülməsinə qarşı çıxıb.

Həsrət Əliyev ona yüngül cəza verilməsini istəyib.

Daha sonra hakimlər hökm elan edib. Hökmə əsasən, Həsrət Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşları Həsrət Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.