Dünya 18:20 11.11.2017

İŞİD-lə müharibə İraqa neçə milyard ziyan vurub?

İŞİD terror qruplaşması ilə müharibənin İraqa vurduğu zərər 100 milyard dollara çatıb.

"Qaynarinfo" Azərtac-a informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı noyabrın 11-də İraqın Baş naziri, silahlı qüvvələrin komandanı Heydər əl-Abadi səsləndirib. O, hökumətin tərəfdaş toplamaq üçün sosial şəbəkələrdən istifadə edən İŞİD ideologiyası ilə mübarizəsinin davam etdiyini vurğulayıb.

Baş nazirin bəyanatı hökumət qüvvələrinin İŞİD qruplaşmasının ölkədəki sonuncu forpostu olan Ənbar əyalətinin Suriya ilə sərhəddə yerləşən Rava şəhərinə hücumu fonunda səslənib. İraq Hərbi Qüvvələrinin müştərək əməliyyatları komandanlığının nümayəndəsi Əbdül Əmir Yarallahın sözlərinə görə, kampaniyaya iki piyada diviziyası, həmçinin yerli qəbilələrdən olan könüllülər cəlb olunub.

Qeyd edək ki, noyabrın 3-də hökumət qüvvələri Suriya ilə sərhəddə yerləşən Əl-Qaim şəhərinə nəzarəti ələ keçirib.

Qaynarinfo.Az