Ölkə 15:37 27.01.2014

“İsmayıllı işi”ndə bir nəfər şahid verdiyi ifadədən imtina etdi

Nemət Kərimli: “Şahid Samir Nuriyev ifadəsini təzyiq altında verdiyini dedi”

Yanvarın 27-də şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı məhbuslarının, o cümlədən Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və REAL-ın sədri İlqar Məmmədovun növbəti məhkəmə prosesi keçirilib. 

Bu prosesdə də şahidlər dindirilib. T.Yaqublunun vəkili Nemət Kərimli bildirdi ki, bu dəfəki prosesdə də ilkin ifadəsindən imtina edən şahidlər olub: “Şahid qismində ifadə verən Samir Nuriyev adlı şəxs ilkin ifadəsində təqsirləndirilən Rəşid Məmmədovun əleyhinə ifadə vermişdi. Lakin bu dəfə o şifahi ifadəsində bildirdi ki, İsmayıllı rayon polis idarəsində polis rəisinin müavini Şöhrət və Vahid tərəfindən təzyiqlərə məruz qalaraq iki gün şöbədə saxlanılıb. İfadəsini də təzyiq altında verib. Ona orada deyiblər ki, əgər Rəşadın üzünə durmasan, səni 15 il həbsə basacaqlar. 

Məhkəmədə dəfələrlə prokuror və digər şəxslər Samir Nuriyevə suallar versə də, o bir mənalı şəkildə ilkin ifadəsindən imtina etdiyini, o ifadəni təzyiq altında verdiyini bildirdi. O, eyni zamanda üzləşmənin də təzyiq altında keçdiyini dedi. 

Ümumiyyətlə, bu hal dəfələrlə təkrarlanıb ki, orada şahid qismində ifadə verənlər ilkin ifadələrini Şöhrət və Vahid adlı şəxslərin təzyiqi altında verdiklərini deyiblər. Məhkəmə 14:30-dək nahar fasiləsi elan edib./musavat.com