Ölkə 00:55 24.01.2013

İSMAYILLIDA ƏHALİ AYAĞA QALXDI (YENİLƏNİR+FOTO)

Qəzəblənmiş camaat nazirin oğlunu döydü, obyektini yandırdı

00:20

İsmayıllıda 23 yanvar tarixinin sonunda yerli əhalinin bir qismi üsyan edib. Bu barədə musavat.com-a rayondakı hərəkatçıların birindən məlumat daxil olub. Onun bildirdiyinə görə, gecə saat 24 radələrində rayon mərkəzində xalq ayağa qalxaraq, yerli hakimiyyətin başındakı klanın – Nizami Ələkbərovun və onun nazir qardaşı Füzuli Ələkbərovun obyektlərini yandırmaqla məşğuldur.


Mənbə deyir ki, xalqın qəzəblənərək, ayağa qalxmasına səbəb nazir Füzuli Ələkbərovun oğlunun İsmayıllı camaatını söyərək, təhqir etməsidir: “Axşam saatlarında nazirin oğlu “Kəpənək” adlanan istirahət mərkəzinə qalxarkən idarə etdiyi “Hammer” markalı maşını ilə yüngül qəza törədib. Günah onda olsa da, nazir oğlu üzr istəmək əvəzinə maşından enərək, oradakı hər kəsi, daha sonra isə ümumi qaydada İsmayıllı camaatını təhqir edib. Nəticədə oradakı ismayıllılar tökülüşərək, nazir oğlunu döyüblər. Daha sonra emosiyalar qızışıb, nazirin oğlunun maşınını yandırıblar. Xəbər ildırım sürəti ilə bütün İsmayıllıya yayılıb. Xalq ayaqlanıb, eyni ilə Quba hadisələrində olduğu kimi, üsyana qalxıb. Onlar Bakı-Qəbələ yolunu kəsiblər, rayondakı Ələkbərovlar klanına aid olan və əxlaqsızlıq yuvası kimi tanınan moteli (“Çıraq”) yandırıblar. Hazırda etirazlara daha çox yerli sakin qatılır. Hələlik polis hadisələrə müdaxilə etmir. Görünür, xalqın daha da qəzəblənə biləcəyindən ehtiyat edir. Ya da Bakıdan, ətraf rayonlardan əlavə qüvvə gözləyir “”

Hadisələri kənardan müşahidə edən ismayıllı sakinlərindən biri deyib ki, yanğın yerinə yanğınsöndürənlər gəlsə də, qəzəblənmiş xalq qoymur ki, onlar işləsinlər.

Müxbir İctimai Palatanın Koordinasiya Şurası ilə də əlaqə saxlayıb. KŞ-nin dönəm sədri Zəfər Quliyev deyib ki, İctimai Palatanın rəhbərliyi hadisələri izləyir. İP hakimiyyəti və ismayıllıları təmkinli olmağa dəvət edir. 

***
İsmayıllı şəhərindəki “Çıraq” otelinin qarşısında 2 minə yaxın insanın iştirakı ilə etiraz aksiyası keçirilir.

Məlumata görə, aksiya yanvarın 23-də gecə saat 22:30 radələrində başlayıb və hal-hazırda davam edir. Etirazçılar otelin sahibinin və onun övladlarının İsmayıllı əhalisinə qarşı təhqiramiz ifadələr işlətməsini əsas tutaraq aksiya keçirirlər. Onlar polisin müqavimətinə baxmayaraq otelə daxil olublar. Otaqları dağıdan etirazçılar oteli yandırıblar. Hazırda iki mərtəbəli oteldə güclü yanğın davam edir. Vətəndaşlar obyektin sahibinə məxsus “Hummer” və iki ədəd “Chevrolet” markalı minik maşınları da yandırıblar. Əraziyə İsmayıllı və ətraf rayonlardan polis əməkdaşları cəlb edilib.

FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, əraziyə İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilsə də, etirazçılar onları otelə yaxın buraxmırlar və yanğının söndürülməsi hələ ki, mümkün deyil.

***
Müsavat başqanının müavini Tofiq Yaqublunun verdiyi məlumata görə üsyançılar icra başçısının evinə giriblər. Həyətdə iki motoskileti yandırıblar. İndi də qarajı oda verdilər. İnsanlar çoxdur, polis müdaxilə edə bilmir

00.55

Yerli sakinlər musavat.com-a bildirir ki, hazırda İsmayıllı rayonunun polis rəisi Nizami Qocayev icra başçısının camaat tərəfindən tutulan evinin həyətindədir. O, insanları  dilə tutmağa çalışır ki, evi yandırmasınlar.


ƏLAVƏ MƏLUMAT OLACAQ!